Müdafiə Nazirliyinin həbsdə olan sabiq idarə rəislərinin məhkəməsi başladı
    • 2-09-2023, 12:07
    • 523

Müdafiə Nazirliyinin həbsdə olan sabiq idarə rəislərinin məhkəməsi başladı

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməddə təqsirləndirilərək həbs edilən sabiq vəzifəli şəxsləri - polkovnik Fikrət Mirzəyev, polkovnik Mahir Şirvanov və polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News24.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar. Vəkillər bildirib ki, təqsirləndirilən şəxslər 40 milyon manat mənimsənilən məbləği ödəyib, məhkəmə istintaqı dövründə azadlıqda olmaları ictimai təhlükə yaratmır. 

Vəsatətə etiraz edən dövlət ittihamçısı bildirib ki, hər 3 şəxs xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilirlər. 

Məhkəmə vəsatətləri təmin etməyib. 

Qeyd edək ki, təqsirləndirilən Fikrət Mirzəyev Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi , Mahir Şirvanov nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər 3 şəxsə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.


Samir Əli