Düşmənçilik yolunu seçirlərsə, yenidən zərbə alacaqlar - Fazil Mustafa
    • 2-09-2023, 14:00
    • 241

Düşmənçilik yolunu seçirlərsə, yenidən zərbə alacaqlar - Fazil Mustafa

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan Konsulluğunun qarşısındakı küçəyə Xankəndidəki separatçı rejimin adı verilib. Açılışda Los Anceles Şəhər Şurasının erməni əsilli sədri Paul Krekorian da iştirak edib. 

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, ermənilər Azərbaycanla barışıq yolu tapmaq əvəzinə düşmənçilik yolunu seçiblər:

“Bu xəstə xalq təsəllini çox sevir. Bilirlər ki, bir nəticə əldə etməyəcəklər, amma soyqırım deyə başlarını sığallasınlar, onlara yazıqları gəlsin. Yəni kədər üzərindən öz gələcəklərini motivasiya eləmiş bir xalqdır. Bu, olduqca təhlükəli tendensiyadır. Xalq özü yazıq olur, yeni dövrə adaptasiya ola bilmir, yeni dövrün münasibətlərinə, dəyərlərinə özünü uyğunlaşdıra bilmir. Ermənilər, əslində bu gündədirlər. Tarixdən silkinib qurtula bilməyən xalqların çox acı faciələr yaşadığı ortadadır. Əslində bizim xalqda da müəyyən elementlər var ki, tarixin yanlış dəyərlərindən qurtula bilməməyin sıxıntısını çəkirik. Müzakirələrdə, mübahisələrdə daha çox bunu yaşayırıq. Bizim dini, mənəvi dəyər olaraq göstərdiklərimizin çoxunun yeni dövrün sınağından çıxmadığı görünməkdədir. Erməni xalqı isə bütövlükdə bu xəstəliyə yoluxub. Yəni ziyalısı ilə, müəyyən iş adamı ilə, hətta modeli ilə belə bu xəstəliyə yoluxublar. Belə bir vəziyyətdə onlar düşünürlər ki, bir küçəyə “artsax” adının verilməsi ilə məsələ həll olunur”.

Deputat qeyd edib ki, ermənilərin bu cür davranışı proseslərin daha da qızışdırılmasıdır: “Həll yollarını axtarmaq, Azərbaycanla barışıq yolu tapmaq əvəzinə daha çox düşmənçilik yolunu seçirlərsə, bunun zərbəsini mütləq yenidən alacaqlar. Bu məsələdə tədirgin olmağa gərək yoxdur. ABŞ kimi böyük bir dövlərdə müəyyən güclər erməniləri dəstəkləyir. Biz Amerika siyasətini dəyişə biləcək bir gücə sahib deyilik. Amma sahədə, Qarabağda problemləri həll edəcək gücə sahibik və bunu da edəcəyik. Baxmayaraq ki, minlərlə təzyiq var, bu da həmin təzyiqlərin bir formasıdır. Onlar ABŞ-dan gələn təzyiq forması ilə göstərməyə çalışırlar ki, “görün, biz “artsax” adını bu cür leqallaşdırırıq”. Bunun Azərbaycana ciddi təsir gücü olmayacaq. Biz sahədə problemi həll etmək yolunu tutaraq bu prosesə yekun vuracağıq”.

Akqabay Mıradov