"İran siyasətini dəyişməyəcək" - Güneyli ekspert
    • 5-09-2023, 11:09
    • 347

"İran siyasətini dəyişməyəcək" - Güneyli ekspert

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Görüşdə digər məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub. Abdulahian bildirib ki, İran regionda heç bir geosiyasi dəyişikliyi və mövcud tranzit yollarının bağlanmasını qəbul etməyəcək. İranın xarici işlər naziri daha əvvəl bəyan etmişdi ki, İran İrəvanla Bakı arasında dialoqun davam etdirilməsinin, Cənubi Qafqazda kommunikasiyaların açılmasının tərəfdarıdır, lakin regionda sərhədlərin dəyişdirilməsinə qarşıdır.

Mövzu ilə bağlı News24.az-a danışan güneyli jurnalist ictimai fəal Məsud Haray bildirib ki, İranın Azərbaycana qarşı siyasəti dəyişməyəcək. 

“İndiyə qədər  olan danışıqlar da bunun sübutudur.  İran vurğulayır ki, Ermənistanla sərhədin kəsilməsini istəmir. Lakin məsələ bu deyil. İran Ermənistan vasitəsilə Avropaya silah-sursat və narkotik maddələr, neft məhsullarını göndərir. Bu istiqamətdə Ermənistana qaçaq yollarla mal ötürəcəyi strateji bir tərəfdaş kimi baxır. Eyni zamanda İran yaxşı bilir ki, Ermənistan bu gün Türk dünyasının birləşə bilməməsinin ən mühüm amillərindən biridir. Türk dövlətlərinin indiki situasiyada birləşməsi İranın yox olacağı deməkdir. Bu səbəbdən də molla rejimi  Azərbaycanın günü-gündən inkişafının önünü kəsmək üçün çalışır. Xüsusilə 44 günlük müharibədən sonra Azərbaycanın cənubu və şimalı daha çox bir olmağa meyillidir və buna qadirdir. Lakin Zəngəzur koridorunun açılması mütləq şəkildə həyata keçəcək”

Onun sözlərinə görə, İran Türk Birliyini özünə rəqib kimi görür.

“Eyni zamanda İran Urmiya gölünün qurudulması prosesini davam edir. Ona görə də 15 milyon insan oradan köçmək məcburiyyətindədir. İran Türk Birliyini özünə rəqib kimi görür, bu səbəbdən də gücü çatdığı qədər Zəngəzur dəhlizinin açılmasına maneə olmağa çalışacaq”.

 Ayşən Rəhim