Selin yaratdığı fəsadlar aradan qaldırılıb
    • 7-09-2023, 11:09
    • 167

Selin yaratdığı fəsadlar aradan qaldırılıb

Güclü yağış nəticəsində yaranmış sel suları Quba-İspik-Xınalıq avtomobil yolunun bəzi hissələrini (əsasən yolun 22-57-ci kilometrliyində ) yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.

News24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

“Dərhal avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub”, - məlumatda bildirilib.

Qeyd olunub ki, təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub. Hazırda sözügedən ərazidə işlər davam etdirilir və yol nəzarətdə saxlanılır.