Jurnalist Usubovun adından istifadə edib - Məhkəmə
    • 7-09-2023, 16:50
    • 308

Jurnalist Usubovun adından istifadə edib - Məhkəmə

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə qorxu ilə tələb etməkdə təqsirləndirilən jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə məhkəm prosesi davam etdirilib.  

News24.az-ın məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. 

Daha sonra zərərçəkmiş Fuad Həbibov ifadə verib. O bildirib ki, o Cəmil Məmmədli ilə 2017-ci ildə tanıyıb: "Anam Nəcimə Babayevanın qətli ilə bağlı 7 il idi ki iş açılmırdı. Məsələni ictimailəşdirirdik. Cəmil Məmmədli ilə tanış olduq. Mənə dedi ki, ananın ölüm işində məmurların əli var, bu barədə məlumatları paylaşacaq. Həmin vaxt bu adlarla ayrı-ayrı vaxtlarda bacım Gülnarə Həbibovadan 6500 manat aldı. Sonra bu pulun müqabilində heç bir iş görmədiyini bilib ondan ayrıldıq. Bir il sonra Cəmil Məmmədli mənə zəng vurub dedi ki, Nəcimə Babayevanın qətli ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində xüsusi qrupa yaradılıb, işi araşdırmağa gəlirlər. Bizimlə yenidən görüşdü, mənə səs atdı və dedi ki bu DTX-nın polkovnikidir. Bir dəfə də mənə zəng vurdu dedi ki, guya Nabranda sabiq nazir Ramil Usubovun oğlu ilə çay içirəm, mənə məlumatlar at. Bu adla da məndən ayrı-ayrılıqda 3500 manat aldı". 

Müdafiəçilərin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, pulları Cəmil Məmmədliyə verərkən onun səsini yazmayıb. 

Proses oktyabrın 5-də davam edəcək. 

Xatırladaq ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur. 

Samir Əli