Olmayan əvf siyahısında bəzi siyasi məhbusların adlarının olduğu xəbəri yayılıb
    • 13-03-2019, 15:20
    • 800

Olmayan əvf siyahısında bəzi siyasi məhbusların adlarının olduğu xəbəri yayılıb

“Bu gün sosial şəbəkələrdə və mətbuatda əfv siyahısında bir necə siyasi məhbusun adının olması ilə bağlı yayılan xəbərlər hansısa şəxslərin xəyali məhsulunun nəticəsidir”.

Bunu News24.Az-a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, yazılanların və yayılanların reallıqla heç bir əlaqəsi yoxdur:
“Ümumiyyətlə, əfv sərəncamında kimin olması məsələsini müəyyənləşdirən şəxs prezident İlham Əliyevdir. Ona görə də bu gün əfv sərəncamı çıxmadan kimin orada olması ilə bağlı informasiyanın getməsi yalnız kimlərinsə arzusu, istəyi və analitik düşüncəsinin məhsulu ola bilər. Amma bunun mövcud reallıqla heç bir əlaqəsi yoxdur. Çünki hazırda əfv sərəncamı yoxdur”.

Komissiya üzvü qeyd edib ki, siyahıda kimlərin olmasını kimsə deyə bilməz:
“İlkin siyahı tövsiyyə xarakterli qərarlardır. Əfv komissiyasının üzvləri də bu barədə məlumat verilə bilməz. Çünki bu kompensial xarakter daşıyır. Həmçinin, etik davranış qaydalarının ciddi sürətdə pozulmasıdır. Siyahı ilə bağlı məlumatın verilməsi düzgün deyil. Bu, müzakirələrin məzmununu pozmuş olar. Ona görə də yazılan, verilən bütün məlumatlar bu və ya digər şəxslərin xəyali məhsulunun nəticəsidir”.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Əfv Sərəncamının olması gözlənilir.

Sevinc YASİNQIZI