-
- 20-09-2023, 16:35
- 2 567
"Bravo"ya silahlı basqında təqsirləndirlənlərdən biri müharibə VETERANIDIR
Bu ilin mart ayında Bakının Xətai rayonundakı "Bravo" hipermrketinə silahlı hücum etməklə qətl törətməkdə təqsirləndirilən şəxslərdən biri Vətən müharibəsinin iştirakçısı olub.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hadisədə təqsirləndirilən şəxslərin cinayət işi üzrə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov 13 il Azərbaycan Minatımizləmə Agentliyində çalışıb. O 2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsində iştirak edib. Təqsirləndirilən şəxs "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
B. İsgəndərovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə həlak olub.
Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adamöldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adamöldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, bir ədəd “Makarov” və bir ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə bir ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.
Samir Əli