Azərbaycanda niyə at əti yeyilmir? - AÇIQLAMA
    • 21-09-2023, 19:26
    • 346

Azərbaycanda niyə at əti yeyilmir? - AÇIQLAMA

Azərbaycanda at ətinin satışına konkret olaraq qadağa olmasa da, restoranda bu ətdən istifadə yaxud hansısa mağazada satışı düzgün hesab edilmir və narahatlıqla qarşılanır. At ətinin satılmasına əsas səbəb isə bunun mal və ya qoyun ətinə nisbətən daha ucuz başa gəlməsidir. Əlbəttə ki, bu, insanlarda da neqativ hiss yaradır. Kimsə mal əti yerinə at əti aldığını və ya yediyini öyrəndikdə özünü zəhərlənmiş yaxud günaha batmış hesab edir. 

Maraqlıdır, at əti İslam dinində haram sayılır?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, at və bu cinsdən olan heyvanların ətinin yeyilməsi İslam dinində haram deyil.

Onun sözlərinə görə, bir çox türk dövlətləri at əti yeyir və südünü içirlər:

“Amma bu ət dinimizdə məkruh sayılır. Yəni, yeməmək daha məqsəduyğundur. Ancaq haram deyil. Bu gün Qazaxıstan, Qırğızıstan kimi türk ölkələrində at əti satılır. Azərbaycanda isə problem ondan ibarətdir ki, mal, quzu və ya dana əti adı altında insanlara gizli şəkildə at əti satılır. Əlbəttə ki, həmin şəxs at əti satdığını elan etsə, insanlar qoyun və ya dana əti olan yerdə at ətini almaz”.  

Keçmiş zamanlardan bu ət növünün insan sağlamlığı üçün zərərli olduğu bildirilir. Milli mətbəximizdə də at əti ilə hazırlanan yemək yoxdur. 

Görəsən, bu ətin orqanizm üçün hansı faydaları və zərərləri var?

Mövzu ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova qeyd edib ki, at əti də digər ətlər kimi zülal və protein qaynağıdır:

“Əgər, bu ət sağlamdırsa, insan orqanizmində ciddi fəsad yaratmaz. Sadəcə bizim bölgədə genetik olaraq at əti vərdişi olmadığına görə, qida rasionumuzda istifadə olunmur. Buna görə də at ətini qəbul etdikdə həzm sistemində ağırlaşma, şişkinlik olur. Lakin mal əti yerinə at əti satılırsa, bu da xəstə heyvanın ətidirsə, birmənalı şəkildə yolverilməzdir. Çünki həmin ətin istehlak edilməsi insanların təhlükəli xəstəliklərə yoluxmasına səbəb ola bilər. Bu kimi hallarla rastlaşmamaq üçün mənşəyi bilinən yerdən ət alınmalıdır. Bundan əlavə, xəstə heyvanların əti ölkə ərazisindəki bəzi kafe və restoranlarda daha çox satılır. Həmin ətlər bir neçə qarışıq inqridiriyentlərdən ibarət olan yeməklərdə istifadə olunur. Buna görə də insanlar restoranda və ya kafedə oturarkən qarışıq qidalara üstünlük verməməlidir”.