-
- 25-09-2023, 10:02
- 329
İrəvandan sülh sazişi barədə mühüm AÇIQLAMA
Sentyabrın 19-20-də Qarabağda Azərbaycan Ordusunun uğurlu antiterror əməliyyatlarından sonra İrəvan Bakıya qarşı dinc ritorikaya keçib. Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə televiziyasına müsahibəsində sülh müqaviləsi imzalamaq tarixi imkanın olduğunu bəyan edib.
News24.az xəbər verir ki, Simonyan bildirib ki, İrəvan Bakı ilə sülh müqaviləsini çox yaxın perspektiv hesab edir.
Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi İrəvanı Zəngəzur dəhlizinin öz hissəsinin tikintisinə başlamağa stimullaşdırıb. Simonyan Azərbaycanın Zəngilan rayonu ilə Naxçıvan arasında avtomobil və dəmir yolunun çəkilməsinin Ermənistan hakimiyyəti üçün prioritet vəzifəyə çevrildiyini açıqlayıb.
“Biz çox yaxınıq və sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var. Bu yolların açılması bizim üçün prioritet məsələdir və Ermənistan avtomobil və hətta dəmir yolu təqdim etməyə açıqdır. Biz həqiqətən də Qranadada irəliləmək, bu tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur”, - deyə o bildirib.
İrəvanın həqiqətən də Ermənistan-Azərbaycan nizamlanması üzrə konstruktiv “B planı”na keçib-keçmədiyini çox yaxında görə biləcəyik. Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin 5 oktyabrda Qranadada görüş keçirəcəyi gözlənilir. Görüşlə bağlı hazırlıqlar üçün 26 sentyabrda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Brüsseldə görüşücəyi bildirilir.
Akqabay