"Sülhməramlılar Qarabağı sürətlə tərk edəcək" - POLİTOLOQ AÇIQLADI
    • 28-09-2023, 16:17
    • 486

"Sülhməramlılar Qarabağı sürətlə tərk edəcək" - POLİTOLOQ AÇIQLADI

“Qarabağ separatçılarının özlərini buraxması, “qurumlarının” fəaliyyətlərini dayandırması Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir”.

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Qarabağda separatçılığın tarixi daha uzundur: “Təxminən 200 il əvvəl bölgəyə köçürüldükdən sonra bizə hər zaman problem yaratdılar, qətliamlar törətdilər, müharibələr oldu, on minlərlə insan həlak oldu.Beləliklə 200 illik bəladan qurtulduq. Bu xalqımızın və dövlətimizin ən böyük naliyyətlərindən biri sayıla bilər. Bundan sonra quruculuq işlərini sürətləndirə bilərik”. 

Politoloqun sözlərinə görə, ermənilərin Qarabağdan  kütləvi köçü 2 ilin sonunu gözləmədən Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini sürətləndirəcək.

“Çünki daha qalmağın mənası yoxdur. Biz tək separatizm üzərində qələbə çalmadıq, erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə zərbə vurduq. Ermənilər arasında dərin fikir ayrılğı yaranıb.  Əldə etdiyimiz uğura baxmayaraq, meşələrdə gizlənmək istəyən separatçılar ola bilər. Əgər belələri olarsa onları da məhv etməliyik. Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır. Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bu yükdən qurtuldular. Əgər baş nazir Nikol Paşinyanın məntiqi varsa ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar. Doğrudur, bu halda erməni lobbisi və yerli radikallar ona mane olmağa çalışacaq. Ancaq Paşinyan hələ də cəmiyyətinin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin”, - deyə o fikrini yekunlaşdırıb.

Ayşən