Separatçılar "silahı" sülhməramlılara çevirir - Moskvadan təcili reaksiya
    • 20-07-2023, 14:35
    • 711

Separatçılar "silahı" sülhməramlılara çevirir - Moskvadan təcili reaksiya

“Erməni “Hraparak” nəşrində yayımlanan məqaləyə görə, Xankəndidə oturaq “aksiya” guya Rusiyaya qarşı çevrilə bilər, yəni separatçılar etirazlarının növbəti mərhələsində rusiyalı sülhməramlıların Qarabağdan çıxmasını tələb edəcəklər. Separatçılar ondan narazıdırlar ki, Rusiya kontingenti Azərbaycana qarşı heç bir addım atmayıb, Laçın “dəhlizini” açmayıb və s.”

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bunun davamı kimi separatçıların lideri Araik Arutunyan Ermənistanın baş naziri Nikol Paşinyanla birgə Qarabağda “beynəlxalq qüvvələrin” yerləşdirilməsini təmin etməyə çalışacaqlar. 

“Bu, xülyadır. Birincisi, heç bir dövlət və beynəlxalq təşkilat Qarabağa hərbçilərini göndərməz. Xarici mərkəzlərin bir qismi sözdə Ermənistana və erməni separatimizinə dəstək versələr də, Azərbaycanla qarşıdurmaya gedərək vətəndaşlarını ölüm təhlükəsi olan bölgəyə göndərməyəcəklər. Bunu separatçılar da anlayırlar. İkincisi, separatçılar Rusiyadan narazı qalsalar da (halbuki, rusiyalı hərbçilər Kremlin təlimatıyla erməni separatizminə dəstəklərini artırıblar) bu ölkənin hərbi kontingentinin bölgəni tərk etməsini tələb etməyəcəklər. Çünki narazılıqlarına rəğmən, separatçıların Rusiyadan ikiəlli yapışmaqdan başqa seçimlər yoxdur. 

Əgər “Hraparak” nəşrinin xəbərində kiçik də olsa həqiqət payı varsa, yəni separatçılar növbəti mərhələdə Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini reallaşdırmağa çalışacaqlarsa, bu bizim işi asanlaşdıracaq, məqsədimiz elə Rusiya hərbi kontingenti olmadan separatçılarla məsələni birdəfəlik həll etməkdir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcən Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaya əsasən, Rusiya sülhməramlı kontingenti 2025-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsində olmalıdır. Bu müddət başa çatdıqda isə bölgəni tərk etməlidir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ərdoğanın bəyanatını münasibət olaraq bildirib ki, Türkiyə Rusiya sülhməramlılarının Qarabağda olması əsasında üçtərəfli bəyanatların tərəfi deyil.

Üçtərəfli bəyanata istinad edən XİN rəsmisi qeyd edib ki, kontingentin regionda qalma müddətləri, həm də onun növbəti beşillik müddətə mümkün uzadılmasının parametrləri aydın şəkildə göstərilib: “Rusiya sülhməramlıları Qarabağda mühüm sabitləşdirmə rolunu davam etdirirlər. Əsas funksiyası atəşkəs və hərbi əməliyyatları qorumaqdır, regionda davam edən gərgin vəziyyəti nəzərə alaraq, onların bölgədəki fəaliyyətinə daha çox tələbat var”.

Akqabay