Moldovanın Aİ-yə daxil olması planı ictimai müzakirəyə çıxarılıb
    • 30-09-2023, 16:28
    • 307

Moldovanın Aİ-yə daxil olması planı ictimai müzakirəyə çıxarılıb

Moldova hökuməti Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə milli fəaliyyət planını ictimai müzakirəyə təqdim edib.

New24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku bildirib.

“Bu sənəd ölkəmizin Avropa yolunda mühüm mərhələni özündə ehtiva edir, bütün əvvəlki addımları əvəz edir və bizim milli məqsədimizi - Moldova Respublikasını 2030-cu ilə qədər Aİ-yə daxil olmağa hazırlamağı aydın şəkildə əks etdirir”, - o deyib.

Popeskunun sözlərinə görə, bu, ölkənin Avropa ailəsi ilə əlaqələrinin gücləndirilməsi istiqamətində həlledici addımdır və qoşulma prosesinin əsasını təşkil edəcək.

“Hazırda milli qanunvericiliyimizin Avropa qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi və lazımi sənədlərin onların icrasına cavabdeh olan qurumlara təhvil verilməsi prosesindəyik. Plan Avropa Komissiyası ilə birgə aparılan qiymətləndirmə prosesindən sonra əhəmiyyətli dərəcədə yekunlaşacaq”, - o vurğulayıb.

Xatırladaq ki, Moldova Prezidenti Maya Sandu 2022-ci ilin martında ölkənin Aİ-yə daxil olması üçün ərizəni imzalayıb və qeyd edib ki, Avropaya inteqrasiya prosesi sürətləndirilməlidir. Avropa Komissiyası Moldovaya İttifaqa daxil olmaq üçün ölkənin yerinə yetirməli olduğu 9 şərt irəli sürüb.