Əli Əhmədov: Görünür, Əli İnsanov islah olunmayıb
    • 19-03-2019, 16:37
    • 2 143

Əli Əhmədov: Görünür, Əli İnsanov islah olunmayıb

Azərbaycan Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncam 400-dən artıq insana şamil edildi. Bu, Prezidentin böyük humanizmindən xəbər verir. 

News24.az
-ın məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov bildirib.
Baş nazirin müavinin sözlərinə görə, İlham Əliyev müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş edib:
“Bu sərəncam ilk deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar etdiyi səhvi başa düşüblərsə, Prezident humanizmlik göstərir və əfv edir. Əfv edilənlərdən biri də Əli İnsanovdur. Prezident onu əfv etməklə humanizmliyini nümayiş etdirdi”.
Əli Əhmədov təəssüf hissi ilə qeyd edib ki, Ə.İnsanovun azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verib:
“Prezidentin humanizmi sayəsində azadlığa çıxan insan gərək belə etməyəydi. Görürsünüz ki, azadlığa çıxanlar içərisində fərqli dünyagörüşünə malik insanlar var. Onların hamısı əfv sərəncamını yüksək qiymətləndirib. Ən azından bu insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, bu bir insani borcdur ki, ona “sağ ol” deyəsən. Amma biz bunu Əli İnsanovdan görmədik”.
Baş nazirin müavini qeyd edib ki, Əli İnsanovun azadlığa buraxılması İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsüdür:
“Hər hansı beynəlxalq təşkilat və ya dövlət Əli İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib. Əli İnsanovun pis bir bəyanat səsləndirməsi, guya azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması ona edilən yaxşılığın dərk etməməsi anlamına gəlir. Bu, ən yumşaq şəkildə ifadə ediləndir. Görünür, Əli İnsanov əfv edilməsinə baxmayaraq, islah olunmayıb”.
“Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhv addımını başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin etdiyi humanizmi qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu onun hansı keyfiyyətlərə malik olduğunu göstərir”, - deyə Əli Əhmədov qeyd edib.