Bakı şəhərində 19 martdan etibarən start götürən Novruz festivalı davam edir. “Sahil bağı”nda təşkil olunmuş festival çərçivəsində martın 20-də tanınmış pianoçu və musiqiçi İsfar Sarabski, müğənni Dihaj çıxış edib, “Bahar və Novruz dastanı” musiqili teatrı izləyicilərə təqdim olunub. Dövlət 
Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, festival çərçivəsində ərazisində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdirilir, milli mətbəx nümunələri, animatorların maraqlı çıxışları, əyləncəli və musiqili proqram qonaqlara təqdim olunur. Novruz elementleri ilə dekorasiya edilmiş ərazi tematik olaraq bir neçə hissəyə bölünüb.

Növbəti günlərdə festival ərazisində UEFA-nın Avropa liqasının finalının brend zonası yaradılaraq futbol meydançası qurulacaq.

Şənliklər boyunca “Sahil bağı” hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 21 və 22 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək qonaqlara açıq olacaq.

Mart ayının 24-dək davam edəcək festival Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilir.