-
- 11-10-2023, 16:46
- 527
Paşinyanın iddia etdiyi 4 kənd - TARİXİ FAKTLAR
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziya kanalına müsahibəsində Azərbaycanın işğalda olan 8 kəndindən – Qazaxın 7 kəndi və Kərkidən danışıb. O, iddia edib ki, Azərbaycan da Tavuş rayonunun bəzi “erməni kəndləri”ni nəzarətə götürüb. Nikolun iddiasına görə, “Berkaber, Vazaşen, Ayqeovit və Paravakar kəndləri Azərbaycanın nəzarətindədir”.
Nikol Paşinyanın Tavuş rayonunda saydığı kəndlərin heç biri Azərbaycanın nəzarətində deyil.
News24.az bildirir ki, Paşinyanın adını çəkdiyi ərazilər tarixi olaraq, Azərbaycan ərazisidir və I Qarabağ müharibəsi başlayana qədər bu ərazlərin böyük hissəsində azərbaycanlılar yaşayıb.
Sözügedən 4 kəndlə bağlı bəzi faktları təqdim edirik:
Berbaker - əsl adı Bibişdir. Kənd 25.01.1978-ci ildən Berkaber adlanır. Qədim adı Coğaz olan Bibiş kəndində 1989-cu ilə qədər azərbaycanlılar yaşayıb. Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qalıblar. Son 30 ildə erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tutub.
Vazaşen – əsl adı Lələkənd, qədim adı isə Aşhigahdır. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub. Kənd Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub, indi Ermənistanın İcevan rayonunda yerləşir. 1935-ci ildə Laləkənd (sonra Laləqyux), daha sonra ermənicə Vazaşen adlandırılıb. Ehtimal ki, türk dillərində aşiq, açıqlıq, düzən, ya da aska alınmaz qayalı dağ sözündəndir. Monqol dilində asqa daş (qaya parçaları) səpintisi, qırğız dilində aska qaya mənasındadır. 1590-cı ilə aid türkcə mənbədə adı keçir.
Ayqeovit - əsl adı Uzuntala, yaxud Hönüt: Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında yerləşib, hazırda Ermənistanın İcevan rayonuna daxildir. Kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər. Toponim Azərbaycan dilində “böyük, geniş” mənasında işlənən uzun sözü ilə “meşə ortasında açıqlıq yer” mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlib. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Paravakar - əsl adı Tatlı: kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib; Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Ağstafa rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tutublar.
Xatırladaq ki, Ermənistanın baş naziri may ayının əvvəlində Praqada “Azadlıq radiosu”na müsahibəsində 8 kəndi – Qazaxın 7 kədi və Kərki kəndini qaytarmağa hazır olduqlarını bildirib, lakin bir şərtlə ki, Azərbaycan da “erməni kəndləri”ni təhvil verməlidir.
Akqabay Mıradov