Zahid Oruc yeni Müstəqillik Günü təsis olunmasını TƏKLİF ETDİ
    • 20-10-2023, 11:58
    • 208

Zahid Oruc yeni Müstəqillik Günü təsis olunmasını TƏKLİF ETDİ

“1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni Müstəqillik Günü bəxş edib: “Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik. 8 noyabr dünya erməniçiliyi üçün matəm günüdür və onlar 90-cı illərin Azərbaycanı kimi 13 sentyabr Qaragöl, 12 dekabr Xankəndi-Laçın yolu, 23 apreli Laçın sərhəd məntəqəsi, 28 mart Fərrux yüksəkliyi və nəhayət, 20 sentyabr Xankəndinin itirilməsini faciə təqviminə çeviriblər. Əlbəttə, bir millət 90-cı ilin Qələbəsini deyil, soyqırımı həyat amalına çevirmişdisə, sonu belə də olmalıydı. 1-ci Qarabağ savaşından sonra Ermənistanın milli qəhrəmanı olanlar 44 günlük müharibədən sonra titullarını itiriblər. İndi 200 il bir əsatirə çəkilən xərcin əvəzini kim ödəyəcək? Yerə salınan bayraq və gerbi haradan asacaqlar? 30 ilin dağ ordusu silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib. Bir nəfər belə hərbi mundiri ilə sərhəd məntəqəsində həbs olunub öz xalqının qəhrəmanına çevrilməyib. Nə 44 gündə, nə də 20 sentyabrda bir qəhrəmanlıq səhnəsi yoxdur ki, onun üzərində Azərbaycanın Horadiz əməliyyatına bənzər uğur hekayəsi qursunlar. Azərbaycan xalqı torpaqlarını vuruşaraq geri qaytarıb. Ona görə də İlham Əliyev Şuşa və Xankəndini siyasi paytaxta çevirir, dövlət rəhbərlərini azad torpaqlarda qəbul edir və regionun gələcəyini yeni zirvələrdən verir”.

Deputatın sözlərinə görə, Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla “sülh müqaviləsi” bağlasaq da, sümürgən Qərb imperializmi bizdən əl çəkməyəcək: “Niderland, İspaniya, Avstriyanın qərarı sübutdur. Gəlin, unutmayaq: Qarabağ 30 il bizi birləşdirən milli ideal idi, indi onu itirilmiş sayan dünya erməniçiliyi Xankəndini səfərbərlik simvoluna çevirir. Bizim növbəti vəzifəmiz düşmənin həsrətini yox etməkdir”.