-
- 23-10-2023, 15:53
- 1 170
Mal-qara ərəblərə satıldığı üçün ət BAHALAŞIR?
Azərbaycanda son aylarda ətin qiyməti artmaqda davam edir. İddia olunur ki, qiymət artımına səbəb ölkəmizdən kifayət qədər iri və xırdabuynuzlu mal-qaranın ərəb ölkələrinə satılmasıdır.
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirdi ki, iddialar həqiqəti əks etdirmir:
"Yanvar-avqust aylarında Azərbaycandan xaricə nə diri, nə də kəsilmiş şəkildə iri və xırdabuynuzlu heyvanların ətinin ixracı olmayıb. Qiymətlərin artımına gəldikdə isə hazırda infilyasiya gedir və bu, bütün mal və xidmətlərin bahalaşmasını şərtləndirir. Mal və məhsulların, o cümlədən ətin istehsalına çəkilən xərclər də artır. Burada həm əməkhaqqı fondu xərcləri, həm də yem və s. daxildir. Bu da təbii olaraq ətin qiymətinin bahalaşmasına gətirib çıxarır. Əgər tələb və təklif bol olarsa, rəqabət ətin daha optimal qiymətə təklif edilməsi üçün imkanlar yaradır".
Rəşad Həsənov əlavə edib ki, Azərbaycan öz daxili istehsalı hesabına tələbatı tam ödəyə bilmir:
"İstehlakın həcminə baxdıqda müxtəlif illərdə bu istiqamətdə təxminən 15-20 faiz arasında idxaldan asılılıq olub. İdxal edilən məhsulların maya dəyərinin artımı son nəticədə ölkədə təklif edilən məhsulların ümumi qiymətinin artmasına gətirib çıxarır. Çünki idxal məhsulları ilə yerli məhsullar arasında da bir rəqabət var. İdxal məhsullarının qiymətinin artması yerli məhsulların da qiymətinin artması üçün zəmin yaradır".
Ekspert vurğulayıb ki, son illərdə sənaye istiqamətində ət məhsullarına olan tələb də artıb:
"Qida məhsullarının istehsalı üçün 10 il əvvəl il ərzində təxminən min tona yaxın ət tələb olunurdusa, hazırda 28 min tona yaxın tələbat var. Artım yeyinti sənayesinin inkişafı ilə əlaqədar formalaşıb. Bununla belə əhalinin tələbatında da artım var. 2007-ci ildən bəri 25-30 faizlik artım hiss edilir".
İqtisadçının sözlərinə görə, Azərbaycanda istehsal üçün uyğun şəraitin olmaması da qiymət artımına təsir edən faktorlardandır;
"Ölkədə mövcud infrastruktur, təbii şərait ət istehsalı üçün o qədər də uyğun deyil. Torpaq sahəsində aparılan islahatlar, əkinçilik sahələrinin inkişafı ilə əlaqədar qəbul edilən qərarlar, torpaqların özəlləşdirilməsi, yaxud da müəyyən qruplar əlində cəmləşməsi istehsalın həcminə neqativ təsir göstərir. Hazırda ölkədə istehsalın artımı ilə istehlakın artımı arasında bir disbalans var. Bu disbalans da müəyyən mənada qiymətlərdə özünü göstərir".
İddialarla bağlı Kənd Təsərrüfatı Nazirliyinə sual ünvanlasaq da, cavabsız qaldı.
Qumral Əliyeva