-
- 23-10-2023, 19:06
- 248
Aldığımız maşının qəzalı olduğunu necə bilək? – USTA AÇIQLADI
Təsəvvür edin ki, müəyyən qədər məbləğ toplamısınız və maşın almaq istəyirsiniz. Amma sizi düşündürən bir sual var: Maşını necə yoxlatdırım?
News24.az xəbər verir ki, avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzalı olub-olmaması ilə bağlıdır. Bunu ilk baxışdan müəyyən etmək mümkün deyil. Çünki qəza nəticəsində əzilmiş, deformasiyaya uğramış avtomobili təmirlə, onun görünüşünü qüsursuz etmək olar. Satıcılar isə bunun bilinməsini istəmirlər. Çünki maşının vurulduğunu bilən şəxs onu almaq fikrindən daşına bilər.
Maraqlıdır, maşın alan zaman onun qəzalı olduğunu necə müəyyənləşdirmək olar? Bu barədə Lent.az-a maşın ustası Nihat Qasımov danışıb. O, bir neçə nüansları diqqətə çatdırıb:
“Avtomobilin qəzalı olmasını müəyyənləşdirməyin ilk yolu onu alan zaman ustaya yoxlatdırmaqdır. Bəzən insanlar iş yoldaşlarından, tanışlarından maşın alan zaman yoxlatdırmağa utanırlar. Amma bu düzgün addım deyil. Bununla yanaşı, yoxaltdırmaq üçün satıcının dediyi servis şirkətinə aparmayın. Çünki satıcı əvvəlcədən zəng edib, tərifləməyi üçün usta ilə danışa bilər.
Amma bir neçə nüans var ki, onlara ilk baxışdan diqqət edilməlidir. Avtomobilin görünüşünə diqqət edin. Duruşu olmalıdır. Adətən böyük zərbə görən maşınların duruşu əyri olur. Daha sonra, rəng tonuna baxın. Avtomobil bir rəng tonunda olmalıdır. Biz “bezkraska” avtomobil axtarırıqsa şübhələndiyimiz detallara işıq tutub, bunu müəyyən edə bilərik.
Eyni zamanda, zədə görmüş avtomobilin bufer işığı ilə, yük yerinin işığının rəngi zavoddakından fərqlənir.
Əsas məsələlərdən biri də “zazorlardır”. Yəni detallar arasında olan məsafə. Adətən, ön hissədən güclü zərbə olanda kapot və qanaq qeyri-simmetrik şəkildə şüşə tərəfə sıxlaşır.
Maşına texniki tərəfdən nəzər salanda, detalların ilinə baxmalıyıq. Maşının zavoddan çıxma tarixi ilə eyni olmalıdır. Əgər illər fərqlənirsə, deməli detal dəyişilib”.
Bundan əlavə, yeni alınan avtomobilin qəzalı olub-olmamasını müəyyən etməyin başqa bir yolu icbari sığorta ilə bağlıdır. Belə ki, nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar. Sistemdə yalnız avtomobilini satan şəxsə məxsus olduğu zaman ərzində baş verən hadisələri görmək mümkündür.
Avtomobili almaq istəyən şəxs özü birbaşa bu məlumatı görə bilmir. Sadəcə maşını satan şəxsdən bunu tələb etmək lazımdır.