-
- 23-10-2023, 19:10
- 212
Xəzər “uzaqlaşmağ”a davam edir: Ekoloji fəlakətlərdən qaçış mümkünsüzdür
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsi 114 metr aşağı düşüb.
News24.az xəbər verir ki, onun sözlərinə görə hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir:
"Son 5 ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ ilə bağlı konfrans keçirildi. Noyabrın 2-də növbəti konfrans keçiriləcək. Adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq".
Xəzər universitetinin professoru, ekoloq Rövşən Abbasov problemlə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, dəniz səviyyəsinin aşağı düşməsi ilk növbədə Xəzərsahili ərazilərdəki bataqlıqların qurumasına səbəb olacaq:
“Məsələn, Qızılağac, Mahmudçala, Ağzıbirçala istiqamətlərindəki bataqlıqların quruması oradan gələn ekosistem xidmətlərinin keyfiyyətinin aşağı düşməsinə gətirib, çıxaracaq. Çünki həmin bataqlıqlarda miqrasiya edən quşlar məskən salır, qışlayırdılar. Bu baxımdan Xəzərin səviyyəsinin aşağı düşməsinin buna təsiri böyük olacaq”.
Ekspert qeyd edib ki, bundan əlavə, rekreasiya və turizm müəssisələrində böyük itkilər olacaq:
“Bəzi rekreasiya müəssisələrində Xəzər dənizi geriyə çəkilib, bəzi ərazilərdə vaxtilə dənizin içində olan qayalıqlar adaya çevrilib. Ümumiyyətlə, sahil infrastrukturuna, limanlara, dəniz nəqliyyatına çox böyük ziyan dəyməkdədir. Ələtdə, Zirədə gəmilərin sahilə yan alması çətinləşib. Bildiyimə görə dənizkənarı bulvarda gəmi gəzintilərini əvvəlki kimi həyata keçirmək mümkün olmur, çünki gəmilər sahilə yaxınlaşa bilmir”.
R.Abbasov dənizin səviyyəsinin aşağı düşməsinin çay, dəniz ekosistemlərinə də təsirsiz ötüşmədiyini əlavə edib:
“Bunun da öz növbəsində balıqçılığa təsiri qaçılmazdır. Xəzərdə yaşayan balıqların əksəriyyəti çaylarda kürü tökürdülər. Dənizyanı ərazilərdə duzlu yerlər əmələ gələ bilər, duz fırtınaları baş verə bilər. Bəzi ərazilərdə vaxtilə çirklənmiş yerlər indi dənizin geri çəkilməsi nəticəsində üzə çıxır. Ağ Şəhərdə bunu görmək olar. Burada gedən buxarlanma havanın keyfiyyətini aşağı salır”.