Erkən nikahların sayı 22 faiz artıb - Günahkar kimdir?
    • 25-10-2023, 18:14
    • 188

Erkən nikahların sayı 22 faiz artıb - Günahkar kimdir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin paylaşdığı 2022-ci il hesabatında 269 erkən evliliyin qarşısının alındığı qeyd olunub. 

Bu göstəricinin əvvəlki illərlə müqayisədə 22 faiz artması artıq həyacan təbilinin çalınmasının vaxtı olduğunun sübutudur. 

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Rəşad Mahmudov bildirdi ki, erkən nikahların 22 faizə qədər artması məyusedici bir haldır.

“Erkən nikahlar həm tibbi, fizioloji, həm də siyasi və hüquqi aspektdən ciddi problemdir. Ona görə bu sahədə xüsusən ailələri, valideynləri, indiviual olaraq məlumatlandırmaq və bu sahə üzrə daha çox bilgilərin Kütləvi İnformasiya vasitələri ilə cəmiyyətə çatdırmaq xüsusi əhəmiyyə kəsb edən faktorlardan biridir. Erkən nikahlar həmin gənclərin təhsil hüququndan məhrum edilməsinə gətirib çıxarır. Bu da bugün ölkəmizin bu sahə üzrə aparmış olduğu siyasətə əks bir haldır".

Deputatın sözlərinə görə, ümumiyyətlə müsəlman ölkələrində statistik göstəricilərə nəzər salsaq görərik bu hal demək olar ki, eynidir.

Bunun qarşısının alınması üçün ilk növbədə qadınların sosial  imkanlara əlçatanlığını təmin etmək üçün güclü sistem qurulmalıdır.

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, Azərbaycanın 4432 məktəbində 1,6 milyon şagird təhsil alır. 

“Azərbaycan Respublikasının Konstituasiyasına, Təhsil haqqında qanun tələblərinə əsasən 9 illik təhsil icbaridir. Heç bir halda şagirdlərin icbari təhsil hüququ məhdudlaşdırıla bilməz. Amma azyaşlıların erkən nikaha məcbur edilməsi onların təhsil hüququnu əllərindən alır. Təhsil işçilərinin sorğu kitabçasına əsasən məktəb direktorlarıın üzərinə böyük iş düşür. Direktor məktəbin inzibati ərazisində bu halın qarşısını almağa məsul olan şəxsdir. Ona görədə erkən nikahların qarşısının alınmasında məktəblərin böyük rolu var.

Espertin sözlərinə görə, qanunvericilikdə dəyişiklik olmalıdır. İcbari təhsil 9 il yox 11 il olmalıdır. 

O, hüquq mühafizə orqanlarının da bu işlə bağlı görməli olduqları tədbirləri diqqətə çatdırıb. 

“Erkən nigahlara tətbiq edilən cəza ağırlaşmalıdır”-deyə, Kamran Əsədov fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı