"Moskva İrəvandan cavab gözləyir" - PESKOV
    • 26-10-2023, 15:19
    • 216

"Moskva İrəvandan cavab gözləyir" - PESKOV

“Moskva İrəvanla təmaslarında Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik sektorunda münasibətlərin şaxələndirilməsi zərurətindən danışarkən nəyi nəzərdə tutduğu barədə məlumat və cavab almağı gözləyir”.

News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva “Wall Street Journal”a verdiyi müsahibə nəticəsində fikir formalaşdırmağa meylli deyil.

“Rusiya və Ermənistan bir-biri ilə qəzet vasitəsilə, hətta “Wall Street Journal” vasitəsilə əlaqə saxlamamalıdır”. 

Peskov əlavə edib ki, Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsi bağlamağa kömək etmək cəhdlərini davam etdirir. Onun sözlərinə görə, regionda vəziyyəti sabitləşdirmək və bütün regionda daha müsbət və yaradıcı həyat səviyyəsinə nail olmaq lazımdır.

Xatırladaq ki, Nikol Paşinyan oktyabrın 25-də Amerikanın “Wall Street Journal” qəzetinə müsahibəsində bildirmişdi ki, Rusiya Federasiyasının sülhməramlı qoşunları Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil və ya bunu istəmir.

Ayşən