-
- 27-10-2023, 11:40
- 187
Paşinyan Gümrüdəki rus bazasını çıxara bilər? - 2044-cü ilə qədər...
Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasından birtərəfli qaydada imtina edə bilməyəcək.
News24.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya ilə Ermənistan arasında 1995-ci ildə imzalanan Ermənistanda Rusiya hərbçilərinin saxlanmasına dair razılaşmanın detallarına istinadən yazıb.
Nəşr bildirir ki, bu məlumat Dövlət Dumasında təsdiqlənib.
Belə ki, müvafiq sənədin 27-ci maddəsində deyilir: “Tərəflərdən biri bu müqaviləni ləğv etmək niyyətini bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komitə tərəfindən həll edilir. Rusiya hərbi bazasının ləğvi tərəflərin razılaşdırdığı müddətdə başa çatdırılmalıdır”.
Rusiya və Ermənistanın o zamankı prezidentləri Dmitri Medvedev və Serj Sarkisyanın 2010-cu ildə imzaladığı Rusiya bazası haqqında sazişin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb.
Bu məlumatı “İzvestiya”ya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvitkin təsdiqləyib.
“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin müddəti başa çatdıqdan sonra, tərəflərdən biri digər tərəfə adi müqavilə müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı məlumat vermədikdə, müqavilənin müddəti avtomatik olaraq növbəti beş il müddətinə uzadılır. Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər”, - Şvitkin “İzvestiya”ya bildirib.
Akqabay