Muzey Mərkəzində memarlıqla bağlı seminar keçiriləcək
    • 29-03-2019, 12:01
    • 640

Muzey Mərkəzində memarlıqla bağlı seminar keçiriləcək

Martın 30-da Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “NP BAKU Center”in təşkilatçılığı ilə Muzey Mərkəzində “Neyroelm və memarlıq” adlı seminar keçiriləcək.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, seminar neyroelm və memarlıq arasındakı əlaqələri kəşf etmək məqsədi ilə təşkil olunacaq.

Dünya neyroelm araşdırmaları göstərir ki, çevrəmizdə bizi əhatə edən bütün yaradıcılığımız, duyğu və davranışlarımız modellərimizdə özünü əks etdirir.

İnsan beyninin quruluşu və yaradıcılığı ilə bağlı anlayışlarımız hələ də formalaşma mərhələsindədir. Yaradıcılığın mövhumatdan kənar, sərbəst xarakteri haqqında mövcud nəzəriyyələr, beyni təsvir edilə bilməyən, tərifə gəlməz tədqiqat obyekti kimi nümayiş etdirir.

İnsan beyni bizə məlum olan bəşəriyyətdə ən mürəkkəb qurğu kimi nəzərdən keçirilir.

Beyində olan milyardlarla neyronlar, trilyonlarla sinapslar vasitəsilə bir-biri ilə əlaqə qurur.

Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin olunur. Seminarda “Memarlıq və beyin neyronları ilə fəaliyyətin əlaqəsi” və “Rənglər və həndəsi obyektlərin beyində əksi” mövzularına toxunulacaq.

Seminar “NP BAKU Center”in rəhbəri, Türk-Amerikan Neuropsixiatriya Birliyinin üzvü Nurana Kazımovanın rəhbərliyi ilə aparılacaq.

Seminarda gənc rəssamlar, dizaynerlər, memarlar, sənətşünaslar, muzey və qalereya işçiləri iştirak edə bilərlər.

Qeyd edək ki, seminara giriş sərbəstdir.