Hammurapi dövrünə aid naməlum qalanın xarabalığı tapıldı
    • 1-11-2023, 09:58
    • 265

Hammurapi dövrünə aid naməlum qalanın xarabalığı tapıldı

Beynəlxalq arxeoloji ekspedisiya İraqda Tell-Muhammed şəhərini qoruyan Hammurapi dövrünə aid naməlum qalanın xarabalığını aşkar edib.

News24.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Heritage Daily" nəşri məlumat yayıb.

İtaliyanın Kataniya Universiteti arxeoloqları və Bağdad şəhər arxeoloji layihənin üzvlərinin daxil olduqları tədqiqat qrupu müəyyən edib ki, bu şəhərin tarixi əvvəllər təxmin ediləndən də qədimdir.

İndi alimlər hesab edirlər ki, obyektin mənşəyi erkən paleo-Babilistan dövrünə aiddir. Bu epoxa, həmçinin tarixdə Babilistanın eramızdan əvvəl 1793-1750-ci illərdə hökmdarı olmuş Hammurapinin adı ilə bağlıdır. O, tarixdə qanunlar külliyyatının (Hammurapi qanunları) tərtibçisi kimi qalıb.

Yeni arxeoloji məlumatlar göstərir ki, qazıntı aparılan şəhər eramızdan əvvəl 1595-ci ildə - Babilistanın süqutundan sonra xarabalığa çevrilib. Həmin vaxt bu şəhər Het dövlətinin hökmdarı I Mursili tərəfindən zəbt olunmuşdu. Tell-Muhammeddə tapılan tarixi mənbələr də bunu sübut edir. Arxeoloqlar əvvəlcə qədim istehkamlar və su ehtiyatlarını idarəetmə sistemini aşkar etməyi planlaşdırırdılar. Onlar qədim mənbələrə əsaslanaraq, axtarışları şəhərin şimal-şərq hissəsində aparıblar. Burada qala divarlarının qalıqları olan sahə, kanal və hətta, Dəclə çayı sahilində potensial liman tapılıb.

Alimlər hesab edirlər ki, tapılan su kanalı mürəkkəb şəhər kanalizasiya sisteminin bir hissəsidir və terrakota boruları vasitəsilə inşa edilib. Borular çirkli suların axmasını sürətləndirmək funksiyasını yerinə yetirib. Arxeoloqlar, həmçinin yuxarıda yerləşən və zirvəsində qüllə olan terrasa aparan pilləkənlər də aşkar ediblər. Onun yaxınlığında - açıq məkanda ilk vaxtlar suyun toplanması və saxlanması üçün, sonra isə drenaj kanalına çevrilən sistern də tapılıb.

Şəhər divarlarının içərisində taxıl emalı və çörək bişirilməsi üçün istifadə edilən çoxlu sayda tikililər və avadanlıqlar tapılıb. Onların arasında bitum bişirilməsi funksiyasını da yerinə yetirən iki təyinatlı soba da var. Bununla yanaşı, arxeoloqlar qurbangahı olan müqəddəs ayinlərin yerinə yetirildiyi vanna otağı və əcdadların "kispum" adlı ayinlərinə həsr olunmuş sərdabələr də aşkar ediblər.

Arxeoloji tapıntılar arasında inzibatçılıq məqsədləri üçün hazırlanmış üç ədəd silindrik möhür də var. Onların üzərində həmin dövrə aid təsvirlər və yazılar əks olunub. Tapıntılar kolleksiyasını eramızdan əvvəl II minilliyə aid terrakota nəzir əşyaları tamamlayır.