-
- 2-11-2023, 19:34
- 267
Qəzza mühasirəyə alındı - İsrail Baş Qərargahı
İsrail qoşunları Qəzza şəhəri daxilində əməliyyat aparır və onu bir neçə istiqamətdən mühasirəyə alır.
News24.az xəbər verir ki, bu barədə "Times of Israel" İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Haleviyə istinadən məlumat yayıb.
“Biz müharibədə daha bir mühüm mərhələni keçmişik. Qüvvələr Qəzzanın şimalının mərkəzindədir, Qəzza şəhərində əməliyyat aparır, onu mühasirəyə alır, quru hücumunu dərinləşdirir və nailiyyətlər əldə edir”, - Halevi Hava Qüvvələri bazasından verdiyi açıqlamasında bildirib.
Onun sözlərinə görə, qüvvələr mürəkkəb şəhər ərazisində döyüşür ki, bu, peşəkar döyüş və cəsarət tələb edir.
Baş qərargah rəisi vurğulayıb ki, qoşunlar yaxın məsafədə döyüşür.
“Quru qoşunları dəqiq kəşfiyyat məlumatları, havadan və dənizdən atəşlə müşayiət olunur”, - Halevi əlavə edib.
İsrailin yüksək rütbəli rəsmisi bu müharibənin “acı və çətin bədəli olduğunu” və indiyə qədər quru əməliyyatında 18 əsgərin həlak olduğunu diqqətə çatdırıb.
General onu da qeyd edib ki, İDF-in Qəzza zolağında HAMAS və digər terror qrupları tərəfindən saxlanılan bütün girovları vətənə qaytarmaqla bağlı “öhdəliyi” var.
Halevi bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Qəzzada əhəmiyyətli dərəcədə fəaliyyət göstərir. Lakin o, Qəzzada İsrail Müdafiə Qüvvələrinin gücünün “yarıdan azının” istifadə edildiyini vurğulayıb.