"İsrailin HƏMAS-la sülhün əldə etməsi ehtimalı sıfırdır"
    • 3-11-2023, 19:20
    • 353

"İsrailin HƏMAS-la sülhün əldə etməsi ehtimalı sıfırdır"

Politoloq Elçin Mirzəbəyli News24.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik: 

- İsrailin baş naziri Netanyahu bildirib ki, HƏMAS-la müharibənin artıq üçüncü mərhələsi başlayıb. O, ilkin mərhələnin Qəzza zolağının blokadası, ikinci mərhələnin daimi hava hücumları, üçüncü mərhələnin isə Fələstin ərazisinə qurudan hücumun genişləndirilməsi olduğunu deyib. Necə düşünürsünüz, söhbət genişmiqyaslı quru əməliyyatının başlamasından gedir?

- İsrail-HƏMAS qarşıdurması fonunda hərbi əməliyyatların regiona ekskalasiyası və hətta Ərəb (Fars) körfəzi, Ön Asiyanın bir hissəsi də daxil olmaqla, daha geniş əraziyə yayılması hər an mümkündür. Bu günədək İsrailin qurudan Qəzza zolağına genişmiqyaslı quru əməliyyatına başlamamasının əsas səbəblərindən biri, HƏMAS döyüşçülərinin nəzarətindəki, ümumi uzunluğu 500 kilometr olan tunellər idi. Artıq İsrail ordusunun verdiyi rəsmi məlumata görə, sözügedən tunellər sıradan çıxarılıb və istifadəyə yararsız hala gətirilib. Bu isə İsrail əsgərlərinə Qəzza ərazisində daha asanlıqla hərəkət etmələrinə, döyüş əməliyyatları aparmasına imkan verəcək. 

Silahlı qarşıdurmanı genişləndirə biləcək başqa bir amil, iranyönümlü “Hizbullah” təşkilatının və onun lideri Həsən Nəsrullanın İsraillə müharibə üçün “səfərbərlik” elan etməsidir. “Hizbullah”ın qarşıdurmaya daha fəal şəkildə qoşulmaq niyyəti ilk növbədə İsrail ordusunun, eləcə də onu dəstəkləyən qüvvələrin, xüsusilə də ABŞ-ın diqqətinin Qəzza zolağından, Suriyadan və təbii ki, İrandan yayındırılmasına xidmət edə bilər. İsrailin genişmiqyaslı hərbi əməliyyatlara başlaması istisnasız olaraq, qarşıdurmanı gücləndirəcək və hazırda tərəflərə kənardan dəstək verməklə kifayətlənən oyunçuların da prosesə birbaşa müdaxilə etmələrinə imkan yaradacaq. 

 - Bəzi ekspertlər deyir ki, İsrail quru əməliyyatı keçirsə, Qəzza zolağında müharibə bir aydan, hətta bir ildən çox davam edə bilər. Sizcə, bu münaqişə uzanacaqmı?

 - Münaqişənin uzunmüddətli olacağını, hətta İsrail rəsmiləri də bəyan edirlər. Mövcud geosiyasi reallıqlar və region uğrunda aparılan açıq mübarizə sülhün əldə olunacağı ehtimalını minimuma endirib. Əgər bütün maraqlı tərəflər uzlaşma əldə etməzlərsə, o zaman qarşıdurma bir ildən də çox uzana bilər. 

 - Sizcə, HƏMAS və İsrail nümayəndələrini danışıqlar masası arxasına oturmağa nə səbəb olacaq?

 - İsrailin HƏMAS-la danışıqlar masasına oturacağı istisna olunur. Əvvala, İsrail HƏMAS-ı terrorçu təşkilat kimi tanıyır və Tel-Əvivin təcrübəsində terror təşkilatları ilə anlaşma yoxdur.  Digər tərəfdən, hazırda İsraili HƏMAS-la danışqlar masasına oturda biləcək beynəlxalq mexanizmlər də nəzərə çarpmır. BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin münaqişəsi ilə bağlı müzakirəyə çıxarılan qətnamə layihələri, təsisatın daimi üzvləri tərəfindən bloklanır və mövcud geosiyasi reallıqlar fonunda bu mənzərənin dəyişə biləcəyi inandırıcı görünmür. Hətta atəşkəslə bağlı, hansısa sənəd qəbul olunsa da belə, bu sənədin icra olunması üçün zəmin yoxdur. Əgər BMT qətnamələrinin İsrail-Fələstin qarşıdurması müstəvisində yerinə yetirilməsi mümkün olsaydı, bu, indiyədək, daha dinc və kəskin geosiyasi qarşıdurmaların olmadığı zamanda reallaşardı.

- Bu arada, Yaxın Şərqdə müharibə köhnə, həll olunmamış münaqişələrin hərbi eskalasiyası riskini daşıyır. Bunlardan biri də İranla ABŞ-ın qarşıdurmasıdır. Sizcə, istər Fələstin-İsrail münaqişəsi zonasında, istərsə də başqa yerdə onlar arasında birbaşa hərbi toqquşma mümkündürmü?

 - Hazırda İran-ABŞ qarşıdurmasının birbaşa deyil, Suriya böhranı çərçivəsində ekskalasiyası ehtimalı daha çoxdur. Bunun bəzi təsahürləri nəzərə çarpır və bu halda  olduqca mürəkkəb bir vəziyyət yaranacaq. Şünki Suriya böhranının həllinə münasibətdə, hətta ABŞ-la eyni hərbi blokda təmsil olunan ölkələrin də mövqeyi fərqlənir. Vaşinqtonun PKK-nın Suriyadakı qruplaşmalarını – PYD və YPQ-ni İsrailə qarşı sərt mövqedə dayanan Əsəd hökumətinə qarşı yenidən işə salmaq cəhdi, Rusiyanın bu qruplaşmalara münasibətdə mövqeyinə də təsir göstərə, ABŞ-ın maraqlarını ifadə edən terror qruplaşmalarına qarşı region ölkələrinin vahid mövqedən çıxış etmələrini stimullaşdıra bilər.  Göründüyü kimi, regiondakı qüvvələr və onların arasındakı münasibətlər həddindən artıq ziddiyyətlidir. Amma buna baxmayaraq, hər hansı aktiv kənar müdaxilə bölgə dövlətlərinin uzlaşmasına yol aça bilər ki, bu da qənaətimə görə, hazırda Vaşinqtonun maraqlarına uyğun  deyil. Ağ Evin ABŞ-da keçiriləcək prezident seçkilərinə kimi Yaxın Şərqdə irəliləyişə nail ola biləcəyi inandırıcı görünmür.

Ayşən Rəhim