-
- 13-11-2023, 18:35
- 215
Süni intellekt həyatımızı necə dəyişəcək? Bill Qeytsin PROQNOZLARI
Microsoft-un həmtəsisçisi Bill Qeyts öz bloqunda süni intellektin (AI) gələcəyi və onun gündəlik həyatdakı rolu ilə bağlı proqnozlarını paylaşıb.
Geyts hesab edir ki, növbəti beş ildə süni intellekt insanların kompüter və mobil cihazlardan istifadə tərzini kökündən dəyişəcək.
News24.az xəbər verir ki, tezliklə müxtəlif tapşırıqlar üçün ayrıca proqramlardan istifadə etməyə ehtiyac qalmayacaq.
Bunun əvəzinə biz sadə, təbii dildən istifadə edərək cihazlarımızla qarşılıqlı əlaqə qura biləcəyik və onlar bizim göstərişlərimizi emal edib yerinə yetirə biləcəklər. Bu, süni intellektə əsaslanan şəxsi köməkçilərin hazırlanması sayəsində mümkün olacaq. Bununla da müasir texnologiyalardan xeyli üstün olacaq.
Qeyts belə proqramları “agentlər” adlandırır. O, proqnozlaşdırır ki, bu agentlər təkcə insanların kompüterlərlə qarşılıqlı əlaqəsini dəyişməyəcək, həm də proqram təminatı sənayesini kökündən dəyişəcək. Bu, kompüter terminalında əmrlərin yazılmasından qrafik interfeyslərin istifadəsinə keçiddən bəri hesablama sahəsində ən əhəmiyyətli inqilab olacaq.
Onun sözlərinə görə, “agentlərin” işinin əsas cəhəti onların istifadəçini bir fərd kimi tanımaq bacarığıdır. Bir insan haqqında nə qədər çox bilsələr, onun ehtiyaclarını bir o qədər yaxşı təxmin edə və ona kömək edə bilərlər.
“Onlar fəaldırlar və biz onlardan xahiş etməmişdən əvvəl həll yolları təklif edə bilərlər. Onlar proqramlar vasitəsilə işləyir, zamanla təkmilləşir, hərəkətlərinizi xatırlayır və niyyətlərinizi və davranış nümunələrinizi tanıyır. Bu məlumatlara əsaslanaraq, onlar sizə lazım olduğunu düşündükləri şeyi təklif edirlər, baxmayaraq ki, son qərar həmişə sizindir”, - Qeyts yazır.
Qeyts həmçinin süni intellektin sağlamlıq, təhsil, məhsuldarlıq, əyləncə və gündəlik həyatımızın digər sahələrinə təsirini nəzərdən keçirir. Məsələn, səhiyyədə “agentlər” əsas diaqnostika və müalicə ilə bağlı məsləhətlər verməklə yanaşı, tibb işçilərinə qərar qəbul etməkdə köməklik edəcəklər.
Təhsildə agentlər tələbələrin öyrənilməsini fərdiləşdirməklə və müəllimləri rutin, təkrarlanan işlərdən azad etməklə müəllimlərin işini tamamlayacaqlar. Məhsuldarlıq agentləri biznes planlarının yazılması və ya görüşlərin təşkili kimi müxtəlif işlərdə kömək edə bilər. Əyləncə və alış-veriş sənayesində agentlər nəinki tövsiyələr verəcək, həm də onlara əməl etməkdə sizə kömək edəcəklər. Geyts süni intellektə varlığımızın hər bir tərəfinin ayrılmaz hissəsi kimi baxır.
Ayşən