-
- 15-11-2023, 20:36
- 198
“Birinci sinif şagirdinin ingilis dilini bilməsinə nə ehtiyac var?!” — ETİRAZ
Milli Məclisin iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib ki, bu gün təhsilə kifayət qədər vəsait ayrılır, lakin şagirdlər dərsə girmir, dil öyrənməyə gedirlər.
News24.az xəbər verir ki, “Milli aristokratiyanın yetişdirilməsi problemi var. Sadəcə, xarici dil bilən şəxslərdən ibarət milli aristokratiya yetişdirə bilərikmi? Məncə, yox. Belə getsə, gələcəkdə Azərbaycanı idarə edəcək kadrlar tariximizi, dilimizi, milli mədəniyyətimizi bilməyən ingilis dillilər olacaq”.
Təhsil eksperti Nadir İsrafilov da deputatla həmfikirdir. Onun fikrincə ingilis dilini bilməyi zəruri tələb kimi qarşıya qoymaq düzgün yanaşma deyil. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq, diplomatiya sahəsində işləmək istəyən, ingilis dilli ədəbiyyatlardan istifadə edəcək şəxslərin ingilis dilini bilməsi daha vacibdir. Şagirdlərin digər dərslərdən yayınaraq ancaq dil öyrənməyə üstünlük verməsi səhv istiqamətləndirmənin nəticəsidir:
“Təhsil alanlara ingilis dili biliyinə görə qiymət vermək, bu dili bilməyənlərə bariyer yaratmaq yanlışdır. Bu gün təhsilə yanaşma tərzimizdə müəyyən neqativlər, çatışmazlıqlar var. Sovet təhsil sistemi daha çox bilik yönümlü idi, kurikulum metodu isə şəxsiyyət yönümlüdür. Bu vaxta qədər əsas diqqəti bilik verməyə, qiymətləndirməyə yönəltmişdiksə, indi artıq məqsəd cəmiyyətə fayda verəcək səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır”.
Ekspert bildirib ki, bununla belə yenə də təhsilə bilik yönündən baxırıq:
“Bəli, bilik, öyrətmək, savad vermək vacibdir. Vəzifələrə, mühüm dövlət işlərinə daha çox xaricdə təhsil alanları, ingilis dilini bilənləri təyin edirik. Amma məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaq və yaxud ingilis dilli mütəxəssislər yetişdirmək deyil. Bunun üçün Dillər Universiteti var. Məktəbin əsas vəzifəsi şəxsiyyət yönümlü hərtərəfli inkişaf etmiş vətəndaş hazırlamaq olmalıdır.
Bir qədər tələsirik. Birinci sinifdən uşaqlara ingilis dili keçilir, informatika keçilir. 6-7 yaşında uşaqda hələ öz ana dilində danışıq qabiliyyəti tam formalaşmır, indidən ingilis dilini bilməsinə, kompüteri bilməsinə nə ehtiyac var, nə vacibdir?! Dəfələrlə deyilir ki, orta məktəblərdə tədris proqramı yüngülləşdirilməlidir”.