Özbəkistan televiziyasında Azərbaycanla bağlı geniş videomaterial yayımlanıb - FOTO
    • 3-04-2019, 16:56
    • 829

Özbəkistan televiziyasında Azərbaycanla bağlı geniş videomaterial yayımlanıb - FOTO

Özbəkistanin “Sevimli” televiziya kanalının “Zamon” proqramında Dilnoza Saidovanın Azərbaycanla bağlı geniş videomaterialı yayımlanıb.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistinin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Materialda Fəxri xiyaban haqqında danışılır, bildirilir ki, burada Azərbaycanın tanınmış siyasət, elm, mədəniyyət, incəsənət xadimləri, ömrünü Vətənin inkişafı və çiçəklənməsinə həsr edən insanlar uyuyur.

Çəkiliş qrupu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. Jurnalist Heydər Əliyevin dünya şöhrətli böyük siyasi xadim olduğunu, Azərbaycanın inkişafı və dünyada tanıdılması üçün danılmaz xidmətlər göstərdiyini diqqətə çatdırır. Sonra çəkiliş qrupu görkəmli alim Zərifə Əliyevanın qəbrini ziyarət edib, məzarına çiçək dəstələri düzüb.
Bildirilir ki, hər gün buraya əllərində çiçək dəstələri olan yüzlərlə insan gəlir.

Sonra onlar SSRİ xalq artistləri Bülbül, Rəşid Behbudov və Müslüm Maqomayevin, Özbəkistanda çox məşhur olan “Qaynana” filminin qəhrəmanı, Xalq artisti Nəsibə Zeynalovanın qəbirlərinə çiçək dəstələri qoyublar.

Çəkiliş qrupu Şəhidlər xiyabanında da olub, 20 Yanvar şəhidlərinin və Qarabağ müharibəsində Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edən insanların məzarlarına çiçək dəstələri düzüblər.

Verilişdə jurnalist Qəbələ, Qusar rayonlarına səfərindən də söhbət açır, “Şahdağ” Turizm Mərkəzində xizək sürdüyünü də tamaşaçılara göstərir.