-
- 22-11-2023, 14:42
- 502
Nazirin yüksək vəzifə verdiyi xanım görün kimin qohumu imiş - FOTO/ ÖZƏL
Xəbər verildiyi kimi, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə təyin olunub.
News24.az-ın əldə etdiyi məlumata görə, Şirin Məlikova Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, bəstəkar, professor Firəngiz Əlizadənin bacısı qızıdır. Şirin Məlikovanın anası Züleyxa Məlikova isə uzun illər Bakı Musiqi Akademiyasında fortepiano üzrə müəllim vəzifəsində çalışıb.
Qeyd edək ki, Ş.Məlikova 1978-ci il noyabrın 4-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sənətşünaslıq fakültəsindən məzun olub. 1999–2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturada oxuyub. 2007-ci ildə "Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2008–2019-cu illərdə ADMİU-da və ADRA-da pedaqoji fəaliyyət göstərib. 2016-cı ildən son təyinatadək Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.
QUMRAL