"Ermənistan təşkilatın müttəfiqi olaraq qalır" - KTMT-nin baş katibi
    • 27-11-2023, 15:13
    • 161

"Ermənistan təşkilatın müttəfiqi olaraq qalır" - KTMT-nin baş katibi

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olaraq qalır və onun görüşdə iştirak etməməsi ilə bağlı tələsik nəticə çıxarmaq mənasızdır".

News24.az TASS-a istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.

"Mənim fikrimcə, bu vəziyyətdən (Ermənistanın KTMT-nin bu yaxınlarda keçirilən Minsk görüşündə iştirak etməməsi) hər hansı qəti nəticə çıxarmaq mənasızdır. Ermənistan bizim müttəfiqimiz olub və elə də qalır. Ermənistan nümayəndə heyətinin görüşdə iştirak etməməsinin texniki səbəbləri olub ", - deyə təşkilatın rəhbəri bildirib.

"İstənilən halda, bu, müstəqil və suveren dövlətin qərarıdır və heç bir başqa dövlət və ya təşkilatın təsiri altına düşə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır", - deyə baş katib fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki,  bir neçə gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan dekabrda keçiriləcək KTMT tədbirində iştirak etməyəcəyini bildirib. O, Ermənistanın təşkilatdan çıxmaqla bağlı qərarı olmadığını, amma hazırkı vəziyyətdə iştirakının yersiz olduğunu söyləyib.

Qumral