-
- 28-11-2023, 20:30
- 273
Məşhurlar cəmiyyətə pis nümunə olurlar - Samirə Bağırova
İnsanlar qorxularının əsiridir deyiblər. Təbiətdə, ətrafda, insanlar arasında kim nədən qorxursa, o qorxu ilə yaşayırsa, bu, onun kabusuna çevrilir. Gerontofobiya da bu tip qorxulardan biridir, bu, yaşlı insanlardan və ya qocalmaqdan qorxudur.
Bu fobiyadan əziyyət çəkənlər qocalığın özündən deyil, onun gətirdiyi zəiflik, dəridə qırışlar, yaddaş zəifliyi və xəstəliklərdən qorxurlar.
News24.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Samirə Bağırova bildirib ki, hər kəs qocalmaqdan qorxur və hədsiz qorxu hissi yaşlanmanı daha da sürətləndirir:
“Qocalıq qorxusu təbii prosesdir. Qocalıqdan qorxu isə ölümə yaxınlaşma kimi əsas qorxu ilə əlaqələndirilir. Vücudu gənc, sağlam tutmaq normal haldır, amma bəzən qocalıq qorxusu patoloji hal alır. Bir insanın daim öz görünüşünü yaxşılaşdırmağa çalışması psixi pozğunluqdur. Çox zaman bu pozğunluq psixi zehni inkişaf geriliyi olanlarda və narsistlərdə rast gəlinir.
Ağaran saçlar, qırışlar, dəyişən həyat tərzi, aktivliyin, hətta gəlirin azalması, kimdənsə asılı olmaq, təklik qorxusu, sosial statusun itirilməsi halları danılmazdır. Qorxu hissi qocalığı daha da sürətləndirir”.
Psixoloq qeyd edib ki, bu gün məşhur şəxslərin keçirdiyi plastik, estetik əməliyyatlar, görünüşlərində etdikləri saysız dəyişikliklər cəmiyyətə də təsirsiz ötüşmür:
“Normalda hər bir insan gülümsəyərkən göz ətrafında gülüş mimikaları, qırışları hər yaşda özünü göstərir. Amma bu gün bu təbii mimikanı da qocalıq qırışı kimi qəbul edirlər. Emosiyasız üzlər, süni gülüşlər... Hər şey süniləşib. Məhz məşhurlar sayəsində kütlə də bu axına qoşulur. Çünki məşhurların kütləyə təsiri böyükdür.
İnsanlar özlərini kainatın mərkəzi hesab etdiklərindən, hər şeyi idarə etməyə çalışırlar amma mümkün olmayan təbii hadisələr var. Qocalıq qorxusundan xilas olmaq üçün onun səbəbini tapıb, təhlil etmək lazımdır. Bu insanın özü-özü ilə daxili konfliktidir. Fotoşoplar, əməliyyatlar, kosmetoloqlar hamısı müvəqqəti daxili gərginliyi azaldır və daha da asılı vəziyyətə salır. Qocalıq bioloji yaş ilə deyil, düşüncə və əhval-ruhiyyə ilə müəyyən edilir. İnsan nə qədər yaxşılaşmağa çalışsa da, gözlər və yaşlı davranış özünü büruzə verir. Çılğınlıq, enerji aktivliyi azalır. Bunu süni şəkildə etməyə çalışdıqda el dilində “yüngül” görünür”.
Qeyd edək ki, azərbaycanlı məşhurlardan Nazpəri Dostəliyeva, Lalə Məmmədova, Aygün Kazımova və başqaları etdikləri estetik əməliyyatlarla tez-tez gündəmə gəlirlər.