-
- 29-11-2023, 22:18
- 477
Azərbaycanda 16 yaşına çatmayan qız ana oldu
Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə seksual xarakterli hərəkətlər edib.
News24.az Demokrat.az-a istinadla bildirir ki, Kənan 22 sentyabr 2021-ci ildən 13 fevral 2022-ci ilədək olan müddət ərzində 16 yaşına çatmayan Ləmanla evlənmək niyyəti ilə yaşadığı Sabirabad rayonunun kəndlərindən birində yaşadığı evdə cinsi əlaqəyə girib.
Kənanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Ləmanı tanıyır:
“Ləman mənim bibim nəvəsi olmaqla hazırda həyat yoldaşımdır. 2021-ci ilin yanvar ayından etibarən Ləmanla sevgi münasibətində olmuşuq. Nəticədə həmin il yanvarın 12-də Ləmanla nişan mərasimimiz oldu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ləmanla 2021-ci ilin sentyabrın 22-də ailə həyatı qurub:
“Həmin tarixdə Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayında bizim toy məclislərimiz oldu. Ləman 2006-cı il təvəllüdlü olmaqla 15 yaşının olduğunu mənə özü dedi. Ləmanla ailə həyatı qurduqdan sonra Sabirabad rayonunda yerləşən evdə yaşamağa başladıq. Ləmanla 22 sentyabr 2021-ci il tarixdən bu günə qədər faktiki olaraq ər-arvad münasibətində yaşamışam və ər-arvad kimi mütəmadi cinsi əlaqədə olmuşuq”.
Təqsirləndirilən şəxs deyib ki, bu münasibət nəticəsində 16 yaşına çatmayan Ləman 12 avqust 2022-ci ildə hamilə olduğu üçün onu Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparıblar:
“Avqustun 13-də Ləman qız uşağı dünyaya gətirdi. Mən ata oldum”.
Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Kənanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona iki il sınaq müddəti olmaqla bir il şərti cəza təyin edilib.