Azərbaycanda yaşamış almanlar haqda yeni kitab nəşr edilib - FOTO
    • 8-04-2019, 18:20
    • 1 653

Azərbaycanda yaşamış almanlar haqda yeni kitab nəşr edilib - FOTO

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, etnoqraf Emil Kərimovun “Azərbaycan almanlarının etnoqrafik xüsusiyyətləri” adlı monoqrafiyası çapdan çıxıb. Əsər Azərbaycanda yaşamış almanların etnoqrafik xüsusiyyətlərinə həsr edilib. Məlumdur ki, 2016-cı il avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, əsrlər boyu formalaşan tolerantlıq alman mühacirləri və azərbaycanlılar arasında sıx əməkdaşlıq üçün əlverişli şərait yaradıb.

Azərbaycan-Almaniya tarixi-mədəni və iqtisadi əlaqələri çox qədim tarixə malikdir. E.Kərimovun kitabında, ilk dəfə olaraq, almanların Azərbaycanda məskunlaşması, onların maddi-mənəvi mədəniyyəti və məişəti ilə bağlı məsələlər təhlil olunub.
Almanların Azərbaycana gəlişinin əsas səbəbləri Napoleonun apardığı müharibələr, Almaniyada baş verən ağır iqtisadi böhran, aclıq və səfalət, müxtəlif dini təriqətlər arasında çəkişmələr, dini fanatizm idi.
Almanlar 1819-1923-cü illər ərzində Azərbaycanda 8 məskən salıblar: Yelenendorf (Göygöl şəhəri), Qeorqsfeld (Şəmkir rayonu, Çinarlı kəndi), Traubenfeld (Tovuz şəhəri ərazisi), Ayqenfeld ( Şəmkir rayonu, İrmaşlı kəndi), Annenfeld (Şəmkir şəhəri ərazisi), Jelizavetinka (Ağstafa rayonu, Xətai kəndi), Qrünenfeld (Ağstafa şəhəri ərazisi), Alekseyevka (Ağstafa rayonu, Həsən-Su kəndi). Yeri gəlmişkən qeyd edək ki, bu il həmin məskənlərdən ikisinin – Yelenendorf və Annenfeldin əsasının qoyulmasının 200 ili tamam olur.
Azərbaycanda yaşamış almanlar alman dilinin şvab və alleman dialektlərində danışırdılar. Şvablar etnik mənsubiyyətinə görə alman etnik qruplarından biridir və Almaniyanın Vürtemberq və Şvabiya tarixi əyalətində məskunlaşıblar. Azərbaycanda yaşadıqları 123 il müddətində bu dillərinin leksik tərkibinə rus və Azərbaycan dillərindən xeyli söz daxil edilib.
Almanlar dini mənsubiyyətinə görə protestantlığın bir istiqaməti hesab olunan lüteran -yevangelistlərdir.
Kitabda XIX əsrin 20-30-cu illərində bəzi Avropa missionerlərinin Qarabağ azərbaycanlıları arasında (xüsusilə Şuşada) xristianlığı yaymaq cəhdləri və bunun nəticə etibarilə iflasa uğraması məsələlərinə də geniş yer verilib.
Gürcüstanda yaşamış almanların təsərrüfat məişətində maldarlıq əsas sahə hesab olunurdu. Bundan fərqli olaraq, Azərbaycan almanları əsas etibarilə üzümçülük və şərabçılıqla məşğul olublar.
Almanların Azərbaycana gəldikləri ilk günlərdən iki xalqın bir-birinə qaynayıb-qarışması və təsərrüfatın bütün sahələrində mədəniyyətlərin qarşılıqlı zənginləşməsi prosesləri davam edib. Almanlar azərbaycanlıların ənənəvi əkinçilik sistemlərində və suvarmada geniş tətbiq etdikləri arx və kəhrizlərdən də geniş istifadə edirdilər. Onlar taxıl toxumlarını da azərbaycanlılardan alırdılar. Öz növbəsində, almanların sayəsində yerli əhali kartof və digər tərəvəzlərlə tanış olub. Azərbaycana gəldikləri ilk günlərdə məişət çətinlikləri ilə üzləşən almanlar onları azərbaycanlıların köməyi ilə asanlıqla həll edə biliblər.
Kitabda almanların ənənəvi maddi mədəniyyətinə aid maraqlı faktlar yer alıb. Yaşayış evlərinin tikintisində alman memarlığında tətbiq olunan faxverk sistemindən geniş istifadə edilirdi. Onların Azərbaycandakı yaşayış evləri Almaniyadakı bürqerlərin evlərini xatırladır. Belə yaşayış evləri etnoqrafiya elmində “alleman ev tipi” adlanır.
Şvablar zəngin musiqi mədəniyyətinə malikdir. Azərbaycanda yaşamış alman ailələrinin çoxunda azı bir musiqi aləti var idi. Bir zamanlar arxeoloq J.Hummelin təşkil etdiyi Xanlar Diyarşünaslıq muzeyində (indiki Göy-Göl) XVIII-XIX əsrlərə aid musiqi alətləri (fisqarmon, klavir, sitra, klarnet) nümayiş etdirilirdi. Şvabların repertuarında XV-XVII əsrlərə aid mahnılar və XVIII-XIX əsrlərin meşşan romansları mühüm yer tuturdu.
Zəngin illüstrasiyalı kitaba almanlara aid elmi ictimaiyyətə və geniş oxucu kütləsinə az məlum olan nadir materiallar əlavə edilib. Tədqiqat əsəri etnoqraflar, arxeoloqlar, tarixçilər və ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.