-
- 22-12-2023, 19:16
- 311
Yumurtadan zəhərlənmə: Nələrə diqqət edək?
Sumqayıtda qidadan zəhərlənmə hadisəsi baş verib. Şəhər sakinləri 1978-ci il təvəllüdlü Süleymanova Vüsalə Qalib qızı və onun övladı 2007-ci il təvəllüdlü Süleymanova Nazilə Elçin qızı evdə yedikləri yumurtadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.
Qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, yumurtadan zəhərlənmə salmonella bakteriyası nəticəsində baş verir:
“Bu bakteriya yumurtanın tərkibində insan orqanizminə nüfuz edəndə qida zəhərlənməsi qaçılmaz olur. Zəhərlənən şəxs ən azı bir həftə yataq xəstəsi ola bilər. Bu bakteriya ölümə də səbəb ola bilər, çünki patogen bakteriyadır, qorxuludur. Çox vaxt çarpaz çirklənmə nəticəsində zəhərlənməyə səbəb olur. Düzgün şəraitdə saxlanılmayan və ya yuyulmayan yumurtanın üzərindəki qalıntılar orqanizmə daxil olduqda zəhərlənmə baş verə bilər.
Marketlərdən alınan yumurtaların düzgün şəraitdə saxlanıldığından əmin olmaylıyıq. Çox vaxt yumurta marketlərdə otaq temperaturunda, sərin olmayan yerdə qalır. Yumurtanı fəsildən asılı olmayaraq sərin 15-20 dərəcədən aşağı temperaturda saxlamaq lazımdır. Çatlamış yumurta almaq olmaz, həmin yumurtadan axan maye digər yumurtalara da keçir. Yumurtanı soyuducuda digər qidalardan uzaq saxlamaq tövsiyə olunur. Yeməmişdən əvvəl mütləq yuyulmalıdır. Yumurtanı həm alarkən, həm saxlayarkən, həm də bişirərkən bu məqamlara diqqət etmək lazımdır”.