İndiyə qədər bunu səhv bilmisiniz! - Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ
    • 24-12-2023, 11:40
    • 255

İndiyə qədər bunu səhv bilmisiniz! - Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ

Son zamanlar bir çox insan, eləcə də çölyak xəstələri (qlütenə həssas enteropatiya - red.) qlütensiz pəhrizə riayət etməyə başlayıblar.

Bəs qlütensiz pəhriz hər kəs üçün uyğundurmu?

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyənin Ondokuz May Universitetinin Sağlamlıq Elmləri Fakültəsi Qidalanma və Dietetika şöbəsinin müdiri Prof. Dr. Pınar Sökülmez Kaya qlütensiz pəhrizin müxtəlif xəstəliklərin, xüsusilə çölyak xəstəliyi, romatoid artrit (oynaq revmatizmi), fibromiyalji (toxuma revmatizmi), endometrioz, 1-ci tip diabet, tiroid xəstəlikləri, həmçinin autizm, şizofreniya, psoriaz və piylənmənin müalicəsində istifadə edildiyini bildirib.

Qlütensiz pəhrizin əsas prinsipi buğda, arpa, çovdar və bu taxıllardan hazırlanan heç bir qidanın istehlak edilməməsidir.

"Qadağan olunmuş taxıllar istisna olmaqla, qarğıdalı, düyü və darı qlütensiz dənli bitkilərdir. Bu taxıllar qlütensiz pəhrizin müxtəlifliyini artırır və qida qəbulunu zənginləşdirir" - həkim Pınar Sökülmez Kaya deyib.

O, günümüzdə məşhur olan qlütensiz pəhrizin xəstəlikdən başqa, arıqlama məqsədləri üçün istifadə edilməsinin yanlış olduğunu bildirib:

"Bu pəhriz sizi buğda, arpa və çovdar kimi qidalardan məhrum edə bilər. Buğda məhsulları B qrupunun vitaminləri, dəmir, kalsium və liflə zəngindir. Buna görə də qlütensiz pəhriz saxlayan insanlarda bu elementlərin çatışmazlığı ola bilər. Bəzi qlütensiz məhsullar işlənmiş olduğu üçün yüksək şəkər ehtiva edir. Bu da çəki artımı və metabolik problemlərə səbəb ola bilər. Bundan başqa, qlütensiz qidalar bəzi insanlarda bağırsaq florasının tarazlığını poza və həzm problemlərinə səbəb ola bilər. Ona görə də diyetolaqla məsləhətləşmək lazımdır. Hər bir fərdin ehtiyacları və fərdi sağlamlıq vəziyyəti, yaşı, cinsi, həyat tərzi fərqlidir. Qida tələbləri bu kimi faktorlara görə dəyişə bilər".

Kaya qlütensiz pəhrizin yüksək glisemik indeksi (karbohidratların qanda qlükoza səviyyəsinə təsirini ölçən bir sistem) və yüksək doymuş lipid tərkibinə görə piylənmə riskini artırdığını ifadə edib:

"Müalicə olunan çölyak xəstələrinin bəzi alt qruplarında lif, folat, vitamin B12, vitamin D, kalsium, dəmir, sink və maqnezium çatışmazlığı davam edə bilər. Qlütensiz pəhrizdə qida çatışmazlığının qarşısını almaq üçün tərəvəz, meyvə və paxlalıların istehlakına əhəmiyyət verilməlidir. Çünki bu pəhrizlər enerji, yağ, karbohidrat və lif kimi qida maddələrinin balanssız qəbulu səbəbindən bədən çəkisinin artmasına səbəb ola bilər".