Əbülfəs Qarayev dünyaşöhrətli baletmeysterlə görüşüb - FOTO
    • 10-04-2019, 21:15
    • 862

Əbülfəs Qarayev dünyaşöhrətli baletmeysterlə görüşüb - FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 10-da dünya şöhrətli rusiyalı baletmeyster, görkəmli pedaqoq, professor Azari Mixayloviç Plisetski ilə görüşüb.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, A.Plisetski Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun dəvətinə əsasən 7-13 aprel tarixində ölkəmizdə səfərdədir.

Qonağı səmimi salamlayan nazir Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsində əldə olunan nailiyyətlər, mədəniyyətin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı və bununla bağlı görülə biləcək işlər haqqında danışıb.

Azərbaycan ilə Rusiya arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də mövcud əməkdaşlığın inkişaf etdirildiyini vurğulayan Əbülfəs Qarayev bu sahədə uzun illərdir çalışan görkəmli baletmeyster Azari Plisetskinin zəngin təcrübə və biliklərindən yararlanmağın tərəfdarı olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qonaq ölkəmizlə xoreoqrafiya sahəsində birgə çalışmaq istədiyini, təkmilləşmə və təcrübə kursları üçün lazımı yardım və dəstək göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, səfər çərçivəsində A.Plisetskinin aprelin 12-də Nizami Kino Mərkəzində balet sənətinin dünyaca məşhur nəsilləri – Plisetskilər və Messererlər haqqında kitabın və sənədli filmin təqdimatında, habelə aprelin 11-12-də Heydər Əliyev Sarayında “Kreml baleti” Teatrının təqdimatında F.Əmirovun “Min bir gecə” baletinin (tamaşanın quruluşu rəssamı Tahir Salahovdur) nümayişində fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.