Bakı Dövlət Sirkinin fəaliyyəti dayandırıldı - SƏBƏB
    • 10-01-2024, 16:03
    • 362

Bakı Dövlət Sirkinin fəaliyyəti dayandırıldı - SƏBƏB

Məlum olduğu kimi, teatr və konsert müəssisələrinin təmir və bərpası dövlət tərəfindən diqqətdə saxlanılır, tamaşaçıların mədəni xidmətlərə əlçatanlığının təmin edilməsi üçün işlər görülür.

News24.az xəbər verir ki, Mədəniyyət müəssisələrində, xüsusilə kütləvi nümayiş məkanlarında tamaşaçıların təhlükəsizliyi isə ən vacib məsələdir. 

Mədəniyyət Nazirliyi teatr və konsert müəssisələrində tamaşaçıların rahatlığı və təhlükəsizliyi üçün risklər yarandığı halda müvafiq dövlət qurumları ilə birgə təxirəsalınmaz tədbirlər həyata keçirir.

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib. Binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub. 

Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq. 

Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.