Teatr sahəsində çalışanlar nazirlik tərəfindən MÜKAFATLANDIRILIB
    • 12-04-2019, 14:37
    • 1 246

Teatr sahəsində çalışanlar nazirlik tərəfindən MÜKAFATLANDIRILIB

Mədəniyyət sahəsində uzunmüddətli fəaliyyəti və 60 illik yubileyləri münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru İsmayılzadə Naidə Məbud qızı və Salyan Dövlət Kukla Teatrının baş rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Mirzəyev Rafiq İsmayıl oğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrləri ilə mükfatlandırılıb.

News24.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru İsmayılzadə Naidə Məbud qızı 1959-cu il mart ayının 9-da Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N.İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləyib. 1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışan N.İsmayılzadə işlədiyi müddətdə Nazirliyin İncəsənət idarəsində baş inspektor, Repertuar-redaktor Kollegiyasının üzvü, baş mütəxəssis, Teatr şöbəsinin müdiri vəzifələrini icra edib. 2018-ci il iyun ayının 1-dək İncəsənət şöbəsinin Teatr sektorunun müdiri vəzifəsində çalışıb.

N.İsmayılzadə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən respublikada keçirilən  bir  çox irimiqyaslı dövlət səviyyəli tədbirlərin, Bakı Beynəlxalq Teatr Konfransının, “Cırtdan” Beynəlxalq Kukla Teatrı Festivalının, Şəki Beynəlxalq Teatr Festivalının təşkilatçılarından, “Teatr və Teatr fəaliyyəti haqqında” Qanunun, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müəlliflərindən biridir. “Yaddan çıxmaz Qarabağ”, “Deyilən söz yadigardır”, “Bakıda teatr görüşləri” layihələrinin müəllifidir.

Həmçinin onun türk dilindən tərcümə etdiyi T.Cücenoğlunun “Qadıncıqlar”, T.Özakmanın “Ocaq”, S.Şendilin “Yeddi ərli Hürmüz”, rus dilindən tərcümə etdiyi E.de Filipponun “Vinçenso de Pretori”, A.Ekzüperinin “Balaca şahzadə”, B.Şounun “Piqmalion”. A.Saqarelinin “Xanuma”, Hidəyətin “Bu dünyanın adamları” əsərləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında tamaşaya qoyulub.  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən N.İsmayılzadə 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.  

Salyan Dövlət Kukla Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Mirzəyev Rafiq İsmayıl oğlu 1959-cu il mart ayının 22-də Bakı şəhərində anadan olub.

1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1988-ci ildə oranı bitirmiş, Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışıb.
Lənkəran Dövlət Dram Teatrında Xlopov (“Müfəttiş”, N.V.Qoqol), Sandro (“Andro və Sandro”, G.Xuqaev), Leandr (“Skapenin kələkləri”, J.B.Molyer), Qaraçuxa (“Büst”, S.Səxavət), Çelentano (“Toyda Çelentano oxuyur”, Ə.Səmədli), Mirzə Hüseyn (“Toy”, S.Rəhman) və s. obrazlarını ifa edib. 

1996-cı ildən Salyan Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə F.Məmmədovun “Tələ quran özü düşər”, Ə.Səmədlinin “Cırtdan”, “Keçəlin toyu”, “Əhmədin vəfalı xoruzu”, “Artıq tamah baş yarar”, “Əzablı günlərin sonu”, Ü.Hacıbəylinin “Arşın mal alan”, A.Şaiqin “Danışan Kukla”, “Qaraca qız”, R.Rəhimovun “Göyçək Fatma”, Anarın “Qaravəlli”, İ.Coşqunun “Tülkü həccə gedir”, F.Ağayevin “Cırtdan və Sehrbaz”, R.Həsənlinin “Ağca və Sarıca”, S.Nuruqızının “Gəlinciklər”, O.Ümmanın “Qızıl balığın nağılı”, Y.Çernyakın “Güllü və Güloğlan”, Süleyman və Həmdiyyə Lətipovların “Kral və əks-səda”, R.Mirzənin “Hiyləgər tülkü və xoruz”, Ə.Ağayevin “Pişik balasının səhvi”, Ə.Əhmədovanın “Necə boz ayı, aldı ev payı”, A.Salmanlının “Sehrli kisəcik”, R.Kiplinqin “Başlı-başına gəzən pişik” pyeslərinə quruluş verib.

Rafiq Mirzəyev mədəniyyət sahəsindəki xidmətlərinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına və Prezident mükafatına layiq görülüb.