Dövlət qurumu adından RÜŞVƏT ALANLAR PEYDA OLUB - DİQQƏTLİ OLUN - VİDEO
    • 13-04-2019, 16:41
    • 1 238

Dövlət qurumu adından RÜŞVƏT ALANLAR PEYDA OLUB - DİQQƏTLİ OLUN - VİDEO

Xəbər verildiyi kimi, son günlər Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər daxil olmuşdur.

AQTA-dan News24.az-a verilən məlumata görə daxil olmuş növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini Agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb.

Belə ki, araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxslərin və istifadə etdikləri minik avtomobilinin foto və video görüntülərinin əks olunduğu müəyyən olunub.

AQTA bəyan edir ki, bu şəxslər agentlik əməkdaşları deyil və qanunazidd hərəkətlərə yol verən həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bildirilir ki, dövlət orqanın nüfuzuna xələl gətirməyə cəhd göstərən şəxslərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Agentlik sahibkarlardan bu kimi dələduzluq faktları ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.