Ceyhun Bayramov fələstinli həmkarı ilə görüşüb
    • 19-01-2024, 21:12
    • 242

Ceyhun Bayramov fələstinli həmkarı ilə görüşüb



19 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə iştirak məqsədilə Uqandaya işgüzar səfəri çərçivəsində Fələstin Dövlətinin xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Riyad Əl-Maliki ilə görüşüb.

XİN-dən News24.az-a bildirilib ki, görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə Qəzzadakı vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət həllinin” tərəfdarı olduğunu hər zaman dəstəklədiyini, bu istiqamətdə milli səviyyədə, o cümlədən QH-ya sədrlik dönəmində münaqişənin nəticələrinin aradan qaldırılması sahəsində əməli addımlar atdığı diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə Fələstinə göstərdiyi 2 milyon ABŞ dolları məbləğində yardımı məmnunluqla qeyd edilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.