Aygün Bəylərin qardaşı əfv ediləcək? - AÇIQLAMA
    • 31-01-2024, 14:14
    • 220

Aygün Bəylərin qardaşı əfv ediləcək? - AÇIQLAMA

Dünyasını dəyişmiş Əməkdar artist Aygün Bəylərin həbsdə olan qardaşı Abbas Hümmətov və bacıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.Bu barədə məlumatı "Unikal" yayıb. Müraciətdə Əməkdar artistin qardaşı törətdiyi əməldən peşman olduğunu, artıq cəzasının yarıdan çox çəkdiyini və zərərçəkmişlə barışıq əldə etməsini əsas gətirərək Prezidentin humanistlik göstərərək onu əfv etməsini xahiş edib. Bəs, Aygün Bəylərin qardaşı əfv edilə bilərmi?

Mövzu ilə bağlı News24.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, cəzasının yarısını çəkən məhkum əfv üçün müraciət edə bilər:

"Azərbaycan Cinayət Məcəlləsinə görə, adam öldürmək ağır cinayət hesab edilir. Cinayətin törədilmə şəklindən asılı olaraq xüsusi ağır cinayət sayılır. Ağır cinayət törədən şəxs cəzasının yarısını çəkdikdən sonra əfv üçün müraciət hüququ yaranır. Lakin bu hüququn yaranması o demək deyil ki, şəxs əfv olunacaq. Ancaq daha əvvəlki sərəncamlarda müxtəlif cinayətlərə görə həbs edilən şəxslər olub. Əfv üçün müraciət edən şəxslərlə bağlı bütün məlumatlar toplanır, arayış hazırlanır, komissiyanın iclasında müzakirə olunur, komissiyanın qərarı sonda Prezidentə təqdim olunur. Kimin əfv edilib-edilməyəcəyini isə Prezident müəyyənləşdirir. Bu hüquq yalnız ona məxsusdur". 

Əliməmməd Nuriyev onu da bildirib ki, məhkumların əfv edilməsi üçün bir sıra faktorlar nəzərə alınır:

"Əfv ediləcək məhkumların törətdiyi cinayətin ictimai təhlükəsizlik dərəcəsi, məhkumun ailə vəziyyəti, səhhəti, cəzanın çəkilmə müddəti, cəzaçəkmə müəsissəsində davranışı, əvvəllər cinayət əməlinə qarışması, azad edilən şəxsin düşmənçilik münasibətlərini davam etdirib-etdirməməsi kimi çoxsaylı faktorlar nəzərə alınır". 

Ə. Nuriyev əlavə edib ki, növbəti əfv sərəncamının nə zaman olmasını il ərazində prezident müəyyən edəcək. Lakin yaxın zamanda komissiyanın iclası gündəlikdə görünmür. 

Qeyd edək ki, Abbas Hümmətov Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovla birlikdə 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Hüquq- mühafizə orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb. Məhkəmənin hökmü ilə Abbas Hümmətov 14 il müddətə həbs edilib.

Qumral Əliyeva