Dəniz suyu Kür çayına qarışa bilər - VİDEO
    • 31-01-2024, 16:58
    • 192

Dəniz suyu Kür çayına qarışa bilər - VİDEO

Neftçala rayonunda Bala Kürün deltasında suyun təzyiqinə tab gətirməyən suaşıran bəndin sağ sahili uçub.

R TV xəbər verir ki, son günlər intensiv yağıntıların düşməsi Kür çayında suyun səviyyəsinin artımına təsir göstərib.

Nəticədə Kür çayının iki qolundan biri - Bala Kürün deltasında qurulmuş suaşıran bənd suyun təzyiqinə tab gətirməyib. Bəndin sağ sahili hissəsində qayalıqlar uçub. Deltanın qarşısı açıldığından Kürdə suyun səviyyəsinin aşağı düşməsi müşahidə olunur.

Mütəxəssislərin fikrincə, vəziyyət belə davam edərsə, qısa müddətdə dəniz suyu yenidən Kür çayına qarışa bilər.

Neftçala Rayon Suvarma Sistemləri İdarəsindən “Report”un yerli bürosuna bildirilib ki, Bala Kürdə suyun səviyyəsi azalan kimi həmin ərazidə bəndvurma işlərinə başlanılacaq.