Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
    • 1-02-2024, 23:46
    • 363

Nazirlər Kabineti tam tərkibdə istefaya gedir


Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

News24.az Axar.az-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən sonra ən geci 10 gün ərzində təsdiq olunması üçün nəticələri Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi də seçkilərin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir.

Konstitusiyanın 103-cü maddəsində isə qeyd olunur ki, prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Nazirlər Kabinetinin yenidən formalaşdırılması müddətinə gəlincə, Konstitusiyaya əsasən, yeni seçilmiş prezident səlahiyyətlərinin icrasına başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir.

Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabineti ən geci fevralın 3-cü ongünlüyündə tam tərkibdə istefaya gedəcək.