“Gəldi, baş daşına fatihə verdi, qərənfil düzdü, getdik toya” - Səbuhi Məmmədli yazır - FOTOLAR
    • 17-04-2019, 14:03
    • 3 005

“Gəldi, baş daşına fatihə verdi, qərənfil düzdü, getdik toya” - Səbuhi Məmmədli yazır - FOTOLAR

- Bax, bu qəbir daşının onun oğlanları hazırlatmışdı. Hələ ölməmişdən əvvəl. Amma sonradan gəlib çıxmadılar dalınca. Biz də bilmədik, öldü, ya qaldı. Yəqin hələ sağdı. Ölsəydi, gəlib aparardılar.

News24.az olaraq bu dəfə yolumuz Xaçmazadır. Xaçmaz şəhərinin düz girəcəyində, şəhər qəbirstanlığındayıq. Yaşı 80-ə yaxın Seyfəlməlik kişi, 30-35 yaşlı Ramin adlı qəbiristanlıq işçiləri düz qapının ağzında çay içirlər. Salamlaşırıq. Gəlişimizin məqsədi qəbir yeri alıb, yaxud baş daşı düzəltdirmək deyil. Əvvəldən bilirdik ki, bu qəbiristanlıqda sağ ikən özünə məzar sifariş verən insanların yerləri, baş daşları var. Onu da bilirdik ki, qəbiristanlıqda elə qəbirlər var ki, onların başdaşı, sahibinin adı, soyadı, doğum tarixləri də var. Amma ölüm tarixi göstərilməyib. Çünki qəbirlərin içi boşdur. 

*** 
Əslində bu tendensiya ilə ilk dəfə bir neçə il əvvəl qarşılaşmışam. Yadınızdadırsa, mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov da sağlığında oğlunun ikinci Fəxri Xiyabandakı məzarının yanında özünə qəbir daşı düzəltdirmişdi. E.Hüseynovun məzarının yanında yerləşən məzarın üst mərmər örtüyü və başdaşı da hazır idi. Hətta başdaşının üzərində mərhum jurnalistin atası özü haqqında məlumatları da həkk etdirmişdi. Məzarın sinə daşı və başdaşı da eynilə Elmar Hüseynovda olduğu kimi - qara mərmərdən düzəldilmişdi. Lakin başdaşının üzərinə ağ örpək çəkilmişdi. Qəbir daşının üstündə onun ancaq doğum tarixi qeyd edilmişdi - 1936-cı il, 8 sentyabr 2014-cü ildə onun məzar daşının üstündə ölüm tarixi də qeyd edildi. 

Deyilənə görə, məşhur meyxanaçı Ağamirzə də özü üçün qəbir yeri götürüb, hətta həmin yeri qazdırıb, içi lazımi qaydada görülüb, üstünə isə torpaq tökülüb və demək olar ki, tam hazır vəziyyətə gətirilib. Onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini iki günə təhvil verib.

...Seyfəlməlik kişi deyir ki, bu ənənə Xaçmazda Mehrəliqışlaq kəndində yaranıb.
Nəsrullah ağa adlı bir kişi olub. Ölməmişdən qohum-əqrabanı yığıb özünə ehsan verdirib. 3, 7 mərasimi keçirib. Sonra da molla gətizdirib, özünə Quran oxutdurub. Daha sonra isə kənd qəbiristanlığında qəbir qazdırıb, baş daşı qoydurub. Beləcə yayılıb Ramin deyir ki, bunu edənlərin bir məqsədi var: 
- İstəmirlər ki, öləndən sonra kiməsə yük olsunlar. Baş daşı da az pul aparmır. Qəbrin qazılması var. Sinə daşı var. Bax, görürsən, bu sinədaşlarını, - əliylə göstərir- bir nəfər gətirib. Bir neçə mərhum üçün nəzərdə tutulub.
- Mərhum deyəndə, yəni gələcək mərhum üçün.
- Bəli, elə demək olar.
- Çoxdurmu belə sifariş verənlər?
- Əvvəllər çox idi. İndi bir qədər azalıb. Səbəbini deyə bilmərəm. Amma bircə onu bilirəm ki, yetərincə var. İstəyir Xaçmazın özündən, istəyir kəndlərdə. Burda şəriətə zidd heç nə olmadığından insanlar bu addıma gedirlər.
Söhbətə qoşulan Rüstəm deyir ki, Xaçmazda qonşuları da özünə başdaşı düzəltdirib. Ramazanda, Qurban bayramında, Novruz bayramında öz qəbri üstə gəlir Yasin oxutdurur.
Bir dəfə mənim maşınımla gəlmişdi. Əlində də şəkərbura, paxlava, bir topa da qərənfil. Özü öz baş daşına fatihə verdi, şirniyyatı və qərənfilləri düzdü, bir az oturdu, çıxıb getdik toya. Hələ də yaşayır. O günü yenə bir yerdə toydaydıq. Ramin deyir ki, Azərbaycanda özünə yer götürüb qəbir qazdırmaq halı rayonlardan çox, Bakıda daha çox ənənə halı alıb.
- Bunun bir neçə səbəbi var. Əvvəla ölkənin demək olar ki, yarısı Bakıdadır. Bakıdakı qəbiristanlıqlarda yerlərin sayı getdikcə azalır. Qəbir yeri üçün qiymətlər getdikcə qalxır. Bir də Bakıdan fərqli olaraq kənd yerlərində meyit sahibinin pulu olmasa da, kənd yığılıb onun hüzürünü yola verir. Bakıda isə bir az pis çıxacaq, amma deyim; bir az etibarsızlıq var. Ona görə də, imkanlı şəxslər özləri, həyat yoldaşları, hətta övladları üçün də, pul verib böyük bir ərazini alıb bəri başdan hasara çəkirlər. 

Seyfəlməlik kişidən öyrənirik ki, Bakıdan fərqli Xaçmazda qəbir yerləri pulsuzdur. Yəni bircə qəbirqazana hallalıq üçün pul verirsən.
- Əksər xidmətlər pulsuzdur. Amma bir məqam da var. Bir də görürsən ölü yiyəsi aylarla, illərlə qəbirüstə gəlmir. Gələndə çıxarıb 10 manat, 20 manat verir ki, ətrafdakı kol-kosu təmizləsin. Qəbrin üstün silsin. Belə hallar olur. Elə özünə qəbir qazdırıb başdaşı qoyduranlar da bir də görürsən gəlib pul verib gələcək haqq evini səhmana salır. 

Qəbirstanlcı gəziirik hazır iki baş daşı var. Hər ikisini övladları hazırlatdırıb. Amma qəbir yeri götürməyiblər, qəbir qazdırmayıblar. Çünki sağdırlar.

- Qəbir qazmaq asan işdi. Qəbirqazan da burda yaxınlıqda yaşayır. O deey, telefon nömrəsin də vurmuşuq pəncərəyə. (Əliylə göstərir) Əsas odu niyyət təmiz ola. Haqq dünyada yerin ola. Qəbir asan işdi. Həmsöhbətimiz deyir ki, başdaşı nə qədər sadə olsa bir o qədər yaxşıdır. 
- Bir də görürsən, qəbirin üstə saray tikdirirlər. Ağ mərmər, qara mərmər döşəyirlər. Nəyə lazımdı axı? Birini tanıyırdım az qala heykəl qoydurmuşdu özünə. Bəlkə də 10 min xərcləmişdi. Ona dedim ki, Xaçmaz doludu yetim uşaqlarla. Xərclə onlara, savab qazan. Kimə deyirsən? 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müsahibələrinin birində təmtəraqlı qəbir yerləri məsələsinə toxunmuşdu. Sədr bildirmişdi ki, məzarlıqlar sistemli şəkildə tərtib olunmalı, orada başdaşları, qəbirüstü nişanələr tam olaraq dinimizin tələblərinə uyğunlaşdırılmalıdır: “Qəbiristanlıq muzeyə çevrilə bilməz. Qəbirlər bir-birindən kəskin şəkildə fərqlənə bilməz. Kəskin fərqlər həmin qəbiristanlığa girəndə də o qədər xoş əhval-ruhiyyə yaratmır. Bu məsələlər əlbəttə ki, qanunla tənzimlənməlidir”. 

Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Hacı Şahin isə bildirmişdi ki, insan sağlığında özünə qəbir üçün torpaq da ala bilər, qəbir də qaza bilər. Çünki bu, onun axirəti yada salmasına səbəb olur. Hacı Şahin deyir ki, bu, müxtəlif ölkələrdə qanunvericiliklə tənzimlənir: “Azərbaycanda isə qanunvericiliyə dəyişiklik edilib. Qəbir daşları ilə bağlı müəyyən standartlar tətbiq ediləcək. Məzar daşlarının həddən artıq təmtəraqlı olması yolverilməzdir. Çünki bu da rəqabətə çevrilir. Bu məqamlar nəzərə alınacaq və eyni ölçüdə məzarlar olacaq. Bundan başqa, torpaqların alınması ilə bağlı məhdudiyyətlər olacaq. Bəzən bir ailə üçün torpaq alınırdısa, indi bu, daha məhdud olacaq. Məsələn, təkcə ər-arvad üçün qəbir yerinin alınmasına icazə veriləcək”.

Hacı Şahin bildirdi ki, sağlığında özünə məzar yeri alınması dinimizlə, şəriətlə ziddiyyət təşkil etmir və bəyənilən əməldir. Amma başqa insanlara problem yaradıldığı halda, bunun tətbiqi yolverilməzdir: “Hansı halda başqa insanlara problem yarana bilər? Həmin yer məzarlıqda həddən artıq böyük yer tutduqda. Bir nəsil bütövlükdə özünə qəbir yeri alarsa digər insanlara yer qalmır. Bu olarsa, dinimiz də tövsiyə etmir. Böyük bir ərazini tutmaq hesabına qəbir yeri almaq doğru deyil”.

Şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, insanların məzarlıqda əvvəlcədən qəbir hazırlığı görməsi xoş olmayan əməl sayılır. Çünki insan harada, hansı şəraitdə öləcəyini bilmir: "Bəzən insan elə şəraitdə dünyasını dəyişir ki, heç nəşi tapılmır. Yaxud da ona tamamilə başqa ölkədə ölmək nəsib olur. Buna görə də insanların əvvəldən yaxınlarının dəfn olunduğu məzarlıqda özünə qəbir yeri alması, yaxud hazırlatması düzgün sayılmır”.

Onun sözlərinə görə, insan öldükdən sonra onun yaxınlarının, yaxud əzizlərinin qəbrinin olmadığı yerdə dəfn edilməsi heç bir məna daşımır. 
Ona görə də insanlara bu barədə ilahiyyatçılar tərəfindən düzgün istiqamət göstərilməlidir: "Bəzən adlarını din adamı qoyan insanlar da bu əməllərə yol verirlər. Amma islam dininin mənasını dərk edən insan məzarı üzərində dəbdəbəli məzar daşı hazırlatmağın, qəbiristanlıqda belə seçilmək arzusunun boş, ölən insan üçün heç bir anlamı olmadığını dərk edir. İnsan çalışmalıdır ki, bu dünyada yaxşı əməlləri ilə seçilsin. Yəni, bahalı mərmərdən məzar daşı sifariş verincə, imkansız ailəyə dəstək olmaq daha savab əməl sayılır ki, bu, dünyasını dəyişdikdə ona savab əməl kimi yazılır”.

İlahiyyatçı-alim Əkrəm Həsənov deyir ki, Allah-təala xüsusi ilə Loğman surəsinin sonuncu 34-cü ayəsində belə buyurur: 

"...Heç kəs harada öləcəyini bilməz”. Buna görə də qabaqcadan özünə qəbir yeri hazırlatdırmaq doğru deyil. Ola bilər ki, yaşlı bir insanın imkanı var, özünə qəbir yeri hazırlayır, ancaq onun yerinə övladı dünyasını dəyişə bilər. Qabaqcadan özünə qəbir yeri hazırlatdırmaq əslində həyatın barədə, gələcəyin barədə hər şeyini bilmək demək deyil. Bu yalandır. İnsan çalışmalıdır ki, yalandan uzaq olsun. Həm də hər bir müsəlman Allah Rəsulunun həyatına baxıb ondan örnək götürməlidir. Allah Rəsulu heç zaman özü üçün qəbir yeri hazırlatdırmayıb və bunu öz ümmətindən kiməsə tövsiyə etməyib. Bu baxımdan insan belə xoşagəlməz və mənasız işlərdən çəkinməlidir. 

Səbuhi MƏMMƏDLİ