Yeni təxribatlarla bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI
    • 17-02-2024, 22:10
    • 213

Yeni təxribatlarla bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI


“Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi mühüm görüşlərdən biri də ATƏT-in sədri İan Borqla olub. Cənab Prezident bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq yoxdur, tarixdə qalıb. ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılarkən onun missiyası bu münaqişəni həll etmək idi. Daha münaqişə yoxdur. Bu münaqişəni ATƏT-in Minsk qrupu həll etmədi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili xatırladıb ki, Azərbaycan dövləti, onun Silahlı Qüvvələri hərbi-diplomatik yolla bu münaqişənin həllinə nail oldu:

“Bizim ərazi bütövlüyümüz, suverenliyimiz tam, qəti və əbədi təmin edilib. İkincisi, münaqişənin olmadığı reallıqda ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Biz bunu dəfələrlə söyləmişik. Bu baxımdan artıq özü öz fəaliyyətinə hüquqi baxımdan xitam verməlidir. Belə bir qrupun fəaliyyəti dayandırılmalıdır.

Minsk qrupu vaxtilə öyünürdü ki, guya onların fəaliyyətləri olmasaydı, bu münaqişə çoxdan müharibəyə çevrilmişdi. Tez-tez sinələrinə döyüb bununla fəxr edirdilər ki, onların mövcudluğu münaqişənin müharibəyə çevrilməsinin qarşısını alıb. Amma məlum oldu ki, bu baxımdan öyünmək üçün heç bir əsas yoxdur. Münaqişə müharibəyə çevrilib və ATƏT-in Minsk qrupunun bu prosesdə heç bir rolu olmayıb. Onlar 30 il ərzində sadəcə regiona gəliblər, özlərini turist kimi aparıblar, sonsuz sayda səfərlər ediblər, nəticə isə sıfıra bərabərdir”.

Elman Nəsirov vurğulayıb ki, Prezident fevralın 14-də parlamentdə andiçmə mərasimində bu məsələyə bir daha toxundu:

“Ölkə başçısı qeyd etdi ki, bizim bu gün heç bir vasitəçiyə ehtiyacımız yoxdur. İndiki şəraitdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması yolunda bizim üçün ikitərəfli format əsasdır. İkitərəfli formatda bizim konkret nəticələrimiz də var.

Prezident İlham Əliyev ATƏT-in sədrinə bildirdi ki, COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsi məsələsində də rəsmi Bakı və İrəvanın üst-üstə düşən mövqeyi əsas rol oynayır. İkitərəfli formatda konkret nəticələr əldə edə bilirik. Ona görə də vasitəçilərin iştirakı heç bir halda nəticəyə gətirib çıxarmır, bu baxımdan ikitərəfli formata üstünlük veririk. 1)Yeni reallığı qəbul edin, bu gün ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur, özünü rəsmən buraxsın. 2) Yüksək Səviyyəli Planlaşdırma Komitəsinin fəaliyyətinə də ehtiyac yoxdur.

3) ATƏT sədrinin münaqişə üzrə xüsusi nümayəndəsi də var idi, onun da fəaliyyətinə ehtiyac yoxdur, çünki münaqişə yoxdur. Bu mövqe ATƏT rəhbərliyinə çatdırıldı. Onlar Cənubi Qafqazla, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərdə bütün reallıqları nəzərə almalıdırlar. Onlar mane olmasınlar ki, Azərbaycan və Ermənistanın dövlət başçıları səviyyəsində məsələlər ikitərəfli formatda tənzimlənsin.

Yeri gəlmişkən, Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olub. Əldə edilmiş müəyyən razılaşmalar var, xarici işlər nazirləri bundan sonra da sülh müqaviləsinin hazırlanması ilə bağlı təmasları davam etdirəcəklər. Eyni zamanda sərhədlərin delimitasiyası məsələsində baş nazirlərin müavinləri səviyyəsində növbəti görüşün keçirilməsi ilə bağlı razılaşma əldə edilib. Gördüyünüz kimi, ikitərəfli formatla real nəticələr əldə etmək mümkündür”.

Millət vəkili hesab edir ki, Prezidentin İan Borqla görüşü və səsləndirdiyi fikirlər, tezislər ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmən dayandırılmasının siqnalı kimi də qəbul edilə bilər:

“Cənab Prezident həm yerli televiziya kanallarına verdiyi müsahibədə, həm də andiçmə mərasimində qeyd etdi ki, biz elə tarixi nailiyyətlərə imza atmışıq ki, bir çox layları yerindən tərpətmişik və heç bir halda yeni reallıqla barışmaq istəmirlər. Amma eyni zamanda qatar gedib, onun arxasınca baxırlar. Belə olan vəziyyətdə Azərbaycana qarşı həm fiziki, həm də ideoloji təxribatlar gözləniləndir. Daxildə bizim üçün təhlükələr yoxdur. Bu, həm də o deməkdir ki, ATƏT, Aİ çərçivəsində bizə qarşı ideoloji təzyiqləri görürük, bunu daha gizlətmirlər. Heç olmasa, diplomatik pərdə altında bunu etmirlər.

Bütün bu reallıqları nəzərə alan cənab Prezident andiçmə mərasimində qeyd etdi ki, biz yeni dövrə daxil olmuşuq və yeni dövrün əsas tələbləri odur ki, biz ilk növbədə hərbi baxımdan daha da güclü olmalıyıq. Bizim sərhədlərimiz son dərəcə güclü müdafiə edilməlidir. Bizim hərbi-sənaye potensialımız daha da güclü olmalıdır.

Biz həm də onun fərqindəyik ki, müasir dünyada güc faktoru həlledicidir. Bu gün hüququn gücü yox, gücün hüququ işləyir. Bu reallıq fonunda biz güclü olduqca mövqeyimizlə barışmalı olacaqlar. Necə ki, İkinci Qarabağ müharibəsində tarixi zəfərimizə mane ola bilmədilər, sentyabrın 19-20-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə mane ola bilmədilər. Hesab edirəm ki, indiki reallıqda da Azərbaycanın gücü ilə barışacaqlar. Bu güc yalnız hərbi güc deyil, bu güc həm də ondadır ki, bizdə səfərbər olunmuş cəmiyyət var, bizdə vətəndaş həmrəyliyi hökm sürür, xalq-hakimiyyət birliyi var və xalq öz Prezidentinin arxasında dayanıb. 92,12% səs toplamaqla cənab Prezident bu reallığı bütün dünya üçün isbatladı”.