-
- 19-02-2024, 15:28
- 131
XİN-dən Paşinyana cavab
Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirir.
News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O bildirib ki, Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirməsi təəssüf doğurur.
Ermənistan baş nazirinin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə isə XİN rəsmisi diqqətə çatdırıb ki, N.Paşinyan Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir:
“Bu isə bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir. Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir".
A.Hacızadə Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsasının olmadığını da vurğulayıb:
"Məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xətlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.
Qeyd edək ki, Nikol Paşinyan Münxendə erməni diasporası ilə görüşdə 2020-ci il 10 noyabrda imzalanmıış üçtərəfli bəyanatın artıq işləmədiyini bəyan edib və Azərbaycanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Bundan başqa N.Paşinyan bəyan edib ki, Qarabağdan ermənilərin köçməsində Rusiya sülhməramlıları günahkardır.