-
- 21-02-2024, 19:30
- 207
Nazim Bəydəmirlinin səhhəti pisləşib
Həbsdə olan iş adamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir.
News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bildirib.
Onun sözlərinə görə, bu gün, fevralın 21-də N.Bəydəmirli ilə telefonla danışıb:
"Dedi ki, özümü çox pis hiss edirəm, səhhətimdə problemlər yaranıb".
F.Bəydəmirli qeyd edib ki, fevralın 19-da həyat yoldaşını Penitensiar Xidmətin tibb məntəqəsinə gətiriblər: "Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, qan təzyiqini ölçüblər. Qan təzyiqi çox yüksək olub, halbuki heç vaxt onun qan təzyiqi olmayıb. Bir də laboratoriya analizini məsləhət görüblər, Nazim razı olmayıb".
İş adamının həyat yoldaşı vurğulayıb ki, o öz inandığı həkimlərin saxlandığı təcridxanaya gəlməsini istəyir: "Bunun üçün rəsmi müraciət edəcəyik".
N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb.
Ötən il sentyabrın 1-də N.Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, hər iki ittihamı qəbul etmir və özünü ekologiya məhbusu sayır
N.Bəydəmirlinin həbs müddəti bir neçə dəfə artırılıb.