"Sabah o yumurta hər birimizin başında partlaya bilər" — AÇIQLAMA
    • 21-02-2024, 21:46
    • 236

"Sabah o yumurta hər birimizin başında partlaya bilər" — AÇIQLAMA

"Məktəblərdə şagirdlər arasında neqativ hallar son zamanlar daha da çoxalıb. Köklü tədbirlərin, islahatların görülməsi üçün müvafiq qurumlar gecikib. Çox təssüf ki, bu gün məktəbin şagirdlərin, gənclərin həyatında təsir mexanizmi xeyli azalıb. Məktəb şagirdə davranış qaydaları, tərbiyə aşılaya bilmirsə, 11 illik müddət nəyə, kimə lazımdır?".

News24.az bildirir ki, bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O, sərt cəza tədbirlərinin tətbiq edilməsini vacib hesab edir:

"Yayılan videogörüntülərdən şagirdlərdən birinin öz həmcinsi tərəfindən bulinqə məruz qalmasını görürük. Görüntüləri zorakılığı törədən qız özü paylaşıb və təəssüf ki, bu əməli ilə fəxr edir. Əməli törədən şəxs ailə tərbiyəsini nümayiş etdirir, evdə gördüyü reallığı başqasının alnına yazır. Belə hallarda sərt cəza tədbirinin görülməsinin tərəfdarıyam. Çünki sabah o yumurta hər birimizin başında partlaya bilər".

Qeyd edək ki, Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 saylı orta məktəbin 11-ci sinif şagirdi digər məktəbliyə qarşı nalayiq hərəkətlər edib. Görüntülər sosial şəbəkələrdə yayılandan sonra aidiyyəti qurumlar hadisə barədə araşdırmaya başlayıb.