Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında olub
    • 19-04-2019, 16:58
    • 2 616

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında olub

Dünyaca məşhur xoreoqraf, Rusiyanın Əməkdar artisti, pedaqoq, professor Azari Plisetski Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksində olub.

News24.az xəbər verir ki, əvvəlcə məşhur xoreoqrafı akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qəbul edib. Görüşdə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq müzakirə edilib.

Azari Plisetski səmimi qəbula görə rektora minnətdarlığını bildirərək, akademiya haqqında təəssüratlarını bölüşüb və BXA-da ustad dərsləri keçmək arzusunda olduğunu bildirib.

Daha sonra A.Plisetski tədris işləri üzrə prorektor, professor Sevda Sadıxbəyova və xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova ilə də görüşüb. Prorektorlar qonağa BXA-nın tədris prosesi, qəbul qaydaları, beynəlxalq əlaqələr, dünyaca məşhur xoreoqrafların klassik və modern rəqs üzrə keçirilən ustad dərsləri haqqında ətraflı məlumat veriblər.

Sonda isə A.Plisetski akademiyanın professor-müəllim, tələbə-şagird heyəti ilə görüşüb və dərslərdə iştirak edib. Dərsdən sonra qonaq ona ünvanlanmış sualları cavablandırıb.

Hazırda İsveçrədə yaşayan Əməkdar artist A.Plisetski Rusiya da daxil olmaqla bir sıra ölkələrdə ustad dərsləri keçirir.